Laçın yolunda sərhəd-keçid məntəqəsini qurulmasından sonra Rusiya sülhməramlılarının komandanı Volkovun Lentsovla əvəzlənməsi “Moskva nə etmək istəyir” sualını da aktuallaşdırdı.
Moskvanın Qarabağdakı maraqları fonunda Bakının post gedişinin ruslar tərəfindən xoş qarşılanmadığı bəllidir, bu baxımdan, Lentsovu bölgəyə göndərən Kremlin situasiyanı dəyişmək istəyəcəyi gözlətisi var. Hərçənd, sərhəd-keçid məntəqəsindən Azərbaycan əsgərini çıxara, qaldırılan bayrağı endirə bilməyəcəkləri reallığı fonunda rusların Volkovu niyə əvəzlədiyi və nəyə nail olmaq istədiyinə fərqli kontekstdə yanaşa bilərik.
İstisna deyil ki, ruslar Laçın yolunun girişinə qoyulan postda Azərbaycan əsgəri ilə birlikdə dayanmaq istəyirlər. Hazırda danışıqların bununla bağlı aparıldığına dair məlumatlar da var. Rəsmi Bakı sərhəd-keçid məntəqəsinin fəaliyyətində Rusiya sülhməramlıları ilə əməkdaşlıq ediləcəyini açıqlamışdı, lakin bu əməkdaşlığın hansı formada olacağı hələlik bəlli deyil.
Lakin Volkovun geri çağırılmasının Bakı ilə müzakirələrdən qaynaqlandığı ehtimalı azdır, çünki süıhməramlıların komandanı postunda kim olmasından asılı olmayaraq, ilk dövrlərlə müqayisədə proseslərə təsir imkanı minumuma enib. Bu baxımdan, Volkovun əvəzlənməsi Bakının addımına görə “günahkarın cəzalandırılması”, ermənilərin “günah keçisi”nin göstərilməsinə hesablanıb: “baş verənlər Volkovun bacarıqsızlığından qaynaqlanır, Lentsov problemləri həll edəcək”;
Məlumatlara görə, Lentsov artıq Qarabağdadır, danışıqlara rəhbərlik edir və ermənilərin ondan “gözləntisi” böyükdür. Bunun fonunda Paşinyanla Putin telefonda Laçın yoluna post qurulmasını müzakirə edib. Kremlin açıqlamasına görə, Putin Paşinyana “üçtərəfli razılaşmaların icrasının vacibliyini” çatdırıb, “təmasların davam etdirilməsi” razılaşdırılıb.
Proseslər Rusiyanın Laçın yoluna post qoyulması reallığını qəbul etdiyini göstərir.