Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstəkdir – Sevil Mikayılova

Moskva bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə,
müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstəkdir.

Bunu AzerTimes-a
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova vurğulayıb ki, Moskva Bəyannaməsinin bütün
müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Türkiyə ilə
imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də
Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə
növbəti dəstəkdir. Bununla da Azərbaycan iki qüdrətli qonşusu –
Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə sazişə hazırlaşır.
Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet
məkanında yeganə ölkədir ki, bütün güc mərkəzlərindən öz müstəqil
siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb.

“Əslində, bu bəyannamə özü də yenilik deyil, artıq bir ildir ki,
sənəd üzərində hazırlıq işləri aparılırdı. Prezident İlham Əliyev
hələ 2021-ci ildə Yeni illə bağlı xalqa müraciətində
Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə
qalxacağını anons etmişdi. Yəni göründüyü kimi, bu sənəd üzərində
uzun müddət idi ki, hazırlıq işləri görülürdü. Bəyannamənin
imzalanması yeni gündəmə çıxan məsələ deyil və regionda gedən son
proseslərlə əlaqələndirilə bilməz. Bu bəyannamə Azərbaycan-Rusiya
münasibətlərində yeni inkişaf mərhələsinin başlanğıcı olacaq.
Azərbaycanla Rusiya tərəfdaş ölkələrdir, bu bəyannamə ilə
Azərbaycan və Rusiya arasındakı tərəfdaşlıq həm də qarşılıqlı
müttəfiqlik səviyyəsinə qalxmış oldu”, – deyə S.Mikayılova qeyd
edib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan qalib ölkə kimi tam
müstəqil siyasət yürüdür, regionda və dünyada öz siyasi əlaqələrini
daha da genişləndirir, gücləndirir. Hələ ötən il iyunun 15-də
qardaş Türkiyə dövlətilə imzalanmış Şuşa Bəyannaməsi də bu
siyasətin göstəricilərindən biridir. İndi isə Şuşa Bəyannaməsinə
oxşar sənəd Azərbaycanla Rusiya arasında imzalandı.

“İki ölkə başçısının birgə səyləri ilə Azərbaycan və Rusiya
mehriban qonşulara və strateji tərəfdaş ölkələrə çevriliblər.
Rusiya bizim şimal qonşumuzdur. Azərbaycan-Rusiya münasibətlərinin
çox geniş perspektivləri var. Hələ istifadə edilməyən çoxlu
potensial və Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da
tərəflərə xeyir gətirəcək böyük inkişaf perspektivləri mövcuddur”,
– deputat əlavə edib.

S.Mikayılova qeyd edib ki, bu gün artıq Rusiya şirkətləri azad
edilmiş ərazilərdə də işə başlayıb. 20-yə yaxın Rusiya şirkəti azad
edilmiş ərazilərdə fəaliyyət üçün müraciətlər edib:

“Yəni iki ölkə arasında əlaqələr müxtəlif istiqamətlər üzrə
durmadan inkişaf edir və sözügedən bəyannamənin imzalanması da bu
prosesə öz töhfəsini vermiş olacq”.

Teqlər: