Molla rejimi torpaqlarımızı bu cür bölür – Yeni təhlükə

Molla rejimi torpaqlarımızı bu cür bölür – Yeni təhlükə

İranda etiraz aksiyalarının genişlənməsi, bütün əyalətlərə yayılması ilə eyni vaxtda molla rejiminin ölkədə yaşayan xalqlar arasında milli zəmində münaqişə yaratmaq cəhdləri çoxalıb. Xüsusilə şimal-qərb bölgəsində bundan əvvəl radikal kürd təşkilatları tərəfindən təməli qoyulmuş münaqişənin son vaxtlar qızışdırılmağa çalışılması diqqət çəkir.

Son aylar bir sıra kürd silahlı qruplaşmaları və partiyaları özlərinə məxsus media orqanlarında yenidən Azərbaycanın Soyuqbulaq (Mahabad), Tikantəpə, Bukan, Xana (Piranşəhr), Sərdəşt şəhərlərini Kürdüstan şəhərləri kimi təqdim etməyə başlayıblar.

Güney Azərbaycanın milli-siyasi fəalları və qurumları hazırkı vəziyyətdə rejimə qarşı qüvvələrin parçalanmaması və hədəfdən yayınmamaq üçün təmkinli davransalar da, qonşu xalqın radikal nümayəndələri yaranmış vəziyyətdən su-istifadə etməkdə davam edirlər.

Qonşu xalqı təmsil edən bəzi qurumların bu tip iddialarının Tehran rejiminin mənfəətinə xidmət etməsi, mərkəzə qarşı çıxan qüvvələrin pərakəndəliyinə səbəb olması ilə bağlı Güney azərbaycanlı siyasi fəalların çağırışlarının çoxu cavabsız qalıb. Onlar Qərbi Azərbaycan əyalətinin qərb və cənub bölgələrini “Kürdüstan torpaqları” kimi qələmə verir, yer adlarını və inzibati ərazi bölgüsünü dəyişdirilmiş formada göstərirlər.

İran Kürdüstanı Demokrat Partiyasının rəsmi mətbuat orqanı olan “Kürdmedia” saytında gedən materiallarda Qərbi Azərbaycan əyalətinə qarşı ərazi iddiaları irəli sürülür, son etiraz aksiyalarında Qərbi Azərbaycan əyalətinin Mahabad (Soyuqbulaq), Bukan, Tikab (Tikantəpə), Piranşəhr (Xana) və Qoşaçay şəhərlərindəki nümayişlər “Kürdüstan şəhərlərində etiraz aksiyaları” başlığı altında verilir.

Bu, İranın bir sıra rəsmi dövlət qurumları tərəfindən də dəstəklənir və inzibati ərazi bölgüsünə görə Qərbi Azərbaycan tərkibində olan bir sıra bölgələr kürd əraziləri kimi qələmə verilir.

İranın Dövlət Televizyasının rəsmi saytında Mahabad (Soyuqbulaq) bölgəsi Qərbi Azərbaycan əyalətinin ərazisi kimi deyil, ayrıca bölgə kimi təqdim edilib.

Xaricdə və daxildə yaşayan bir qrup Güney azərbaycanlı milli-siyasi fəal bununla bağlı yeni müraciət hazırladıqlarını və molla rejiminə qarşı davam edən etiraz aksiyalarını hədəfdən yayındırmamaq üçün qonşu xalqın nümayəndələri ilə danışıqlar aparmağa hazır olduqlarını bildiriblər.

Teqlər: