Moldovanın Xarici işlər və Avropaya inteqrasiya naziri KOBİA-da olub (FOTO)

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-dan AzerTimes-a bildirilib ki, görüşdə nazir Niku Popesku ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, sahibkarlıq sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını vurğulayıb. Qeyd edib ki, bu məqsədlə Moldova tərəfi iş adamlarının iştirakı ilə qarşılıqlı səfərlərin və tədbirlərin təşkilində maraqlıdır. Eyni zamanda KOBİA ilə Moldovanın müvafiq qurumu arasında əlaqələrin genişləndirilməsi də ölkələrimizin biznes ictimaiyyəti arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə bilər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın investisiya potensialı, əlverişli biznes mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi, o cümlədən KOBİA tərəfindən təqdim olunan xidmətlər barədə məlumat verib, sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə ölkələrimizin iş adamları arasında əməkdaşlıq perspektivlərinə, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində sahibkarların iştirakı ilə tədbirin təşkili imkanlarına dair fikir mübadiləsi aparılıb. Nazir Niku Popesku KOBİA heyətini və Azərbaycan iş adamlarını Moldovaya səfərə dəvət edib.

Həmçinin, görüş çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib.

Teqlər: