Moldova Respublikasının baş naziri Natalia Qavrilita Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul
edib.
Görüşdə Mərkəzin üzvləri Bosniya və Herseqovinanın sabiq baş
naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazir müavini Eka
Tkeşelaşvili, Rumıniyanın sabiq baş naziri Petre Roman və Mərkəzin
baş katibi Rövşən Muradov iştirak edib.
Daha sonra nümayəndə heyətinin üzvləri Moldovanın baş nazirinə VIII
Qlobal Bakı Forumu barədə məlumat veriblər. Forumun mühüm əhəmiyyət
daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi,
elmi platformaya çevrildiyi vurğulanıb və IX Qlobal Bakı Forumuna
hazırlıqla bağlı müəyyən məsələlər – dəvət olunan qonaqlar,
mövzular, həmçinin yeni layihələr, əməkdaşlıq imkanlarının
genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar
müzakirə edilib.
Baş Nazir Natalia Qavrilita 2022-ci ildə keçiriləcək IX Qlobal
Bakı Forumuna dəvət olunub.
Görüş zamanı Ukrayna müharibəsinin nəticəsi olaraq yaranmış
qaçqın böhranı, və bunun yaratdığı sosial-iqtisadi krizis,
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol
müzakirə olunmuşdur.
Baş nazir Natalia Qavrilitaya mərkəzin həmsədri xanım Vayra
Vike-Freiberganın müəllifi olduqu Nizami Gəncəvinin Yeddi Gözəli və
ədabiyyatdan digər esselər kitabını və Qələmin Sehri Nizami
Gəncəvinin Xəmsəsindən Seçilmiş miniatürlər kitabı təqdim
olunmuşdur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti
üzvlərinin Kişinyova səfəri çərçivəsində Moldova Respublikasının
Xarici İşlər naziri Niku Popesku və Əmək və Sosial Müdafiə naziri
Marsel Spatari ilə də görüşlər keçirilib.