Mirziyayevin Şuşada Əliyevin yanında dayanması… – Kılıç

Mirziyayevin Şuşada Əliyevin yanında dayanması… – Kılıç

Cənab İlham Əliyevin ötən ilin iyun ayında qardaş ölkəmiz Özbəkistana iki günlük rəsmi səfərindən sonra cənab Şövkət Mirziyayev də Azərbaycana rəsmi səfərə gəldi. Eynilə ötən ilin iyun ayında olduğu kimi, bu səfər də dünyaya verilən mesajlar baxımından xüsusi tarixi əhəmiyyət kəsb edir və ilklərlə yadda qalıb.

Bu sözləri AzerTimes-a Özbəkistan Prezidenti Şövkət Mirziyayevin ölkəmizə iki günlük rəsmi səfəri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Səfir Şövkət Mirziyayevin İlham Əliyev ilə birlikdə Şuşada bir daha Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya elan etdiyini vurğulayıb:

“Səfər iki əsas məsələyə görə tarixidir. Birincisi, cənab Mirziyayev ötən ay keçirilən növbədənkənar seçkilərdə prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etdi. İkincisi isə Özbəkistanın dövlət başçısı cənab Ərdoğandan sonra işğaldan azad olunmuş Füzuli və Şuşanı ziyarət edən ikinci xarici ölkə prezidentidir. Bu, çox böyük addımdır. Bildiyimiz kimi, 15 iyun 2021-ci ildə Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi, bir il sonra isə, yəni 22 iyun 2022-ci ildə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalandı. Rəcəb Tayyib Ərdoğan kimi, Şövkət Mirziyayev də Şuşada Cıdır düzündə İlham Əliyevin yanında dayanaraq qardaş Azərbaycanın qələbəsindən sevindiklərini və sonadək ölkəmizin yanında olduqlarını bütün dünyaya, həm də Ermənistana elan etdi, prezidentlər bir yerdə “Qarabağ Azərbaycandır!” dedi. Bunlar kənardan göründüyü qədər asan addımlar deyil, cəsarət, hünər, fədakarlıq və siyasi qətiyyət tələb edir. Belə qətiyyətli addımlar nəticəsində gözümüzün qarşısında türk dünyası dirçəlir, Türk Dövlətləri Təşkilatı güclənir. Yenə biz Özbəkistan prezidentinin səfəri zamanı atılan bütün addımlarda, ali qonağa göstərilən ehtiramda biz qardaşlığın, strateji müttəfiqliyin izlərini gördük. Cənab Şövkət Mirziyayev və xanımının Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, cənab İlham Əliyevin ali qonaqların olduğu avtomobili sürməsi – bunlar hamısı çox önəmli diplomatik jestlərdir. Xatırlayırsınızsa, ötən il cənab Mirziyayev də İlham Əliyevi hava limanında yola salarkən əllərini çarpaz şəkildə sinəsinə qoyaraq Azərbaycanla əbədi həmrəy, dost və qardaş olduqlarını nümayiş etdirdi. Dövlət başçılarının Füzulidə Özbəkistanın inşa etdiyi Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında birgə iştirakı, şagirdləri birgə salamlamaları, onlarla şəxsən görüşmələri səfərin ən yaddaqalan anlarındandır. Övladlarımız, gənclərimiz bizim gələcəyimizdir. Dövlət başçıları bu addım ilə birgə və xoşbəxt gələcəyimiz üçün övladlarımıza ölkələrimizin ortaq və ən qiymətli sərvətləri, dəyərləri kimi baxdıqlarını nümayiş etdirdilər. Bu tarixi səfərin digər qardaş türk dövlətləri üçün də örnək olacağına, TDT-ni daha da gücləndirəcəyinə əminəm”.

Teqlər: