Xəbər - Cani Babayeva – Trend:
ATƏT-in Minsk qrupunun mandatı və qrupun özü artıq tükənib və yeni həll yollarına ehtiyac var.
Bunu Trend-ə Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşün yekununa dair bəyanatı şərh edərkən söyləyib.
Qeyd edək ki, bu bəyanatda Minsk Qrupundan bəhs edilməyib.
“İndiki hərbi-siyasi vəziyyətdə ATƏT-in Minsk Qrupunun əvvəlki mandatı faktiki olaraq tükənib və artıq əvvəlki səlahiyyətləri ilə bu qrupa tələbat ola bilməz, buna görə də görüş zamanı bu barədə heç bir söz açılmayıb”, – ekspert bildirib.
ATƏT-in Minsk Qrupunun yeni imkanlarına gəlincə isə, Korotçenkonun fikrincə, Qrup, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycanın siyasi-hüquqi sahəsinə inteqrasiyasına yardım kimi məsələləri öz üzərinə götürməlidir.
“Bunun üçün ATƏT-in Minsk qrupunun fəal iştirakı ilə bu prosesin konkret yol xəritəsini hazırlamaq lazımdır.
Birinci və əsas şərt Ermənistanın bütün qeyri-qanuni silahlı birləşmələrinin Qarabağ bölgəsindən tezliklə çıxarılmasına köməklik etməkdir”, – deyə İ. Korotçenko vurğulayıb.
O, həmçiin qeyd edib ki, son görüş və onun nəticələri yeni reallıqlar dövrünün yaxınlaşması mənasında ehtiyatlı nikbinlik yaradır.
“Fransa öz oyununu oynayır və bu, bir neçə amillə bağlıdır. Birinci və əsas amil Fransada siyasi və maliyyə baxımından kifayət qədər effektiv olan güclü erməni lobbisinin təsiridir. Biz tez-tez görürük ki, Fransa prezidentliyinə müəyyən namizədlərin çıxışlarını müşayiət edən anti-Azərbaycan ritorikası da Fransanın erməni vətəndaşlarının səsini cəlb edən amil kimi istifadə olunur. Fransadakı erməni lobbisi kifayət qədər güclüdür. Fransanın mövcud reallıqları qəbul etməsi üçün yəqin ki, müəyyən bir müddət keçməlidir. Hesab edirəm ki, Fransa öz mövqeyini həm sözdə, həm də əməldə nümayiş etdirməlidir – xüsusən də Fransa prezidentliyinə namizədlərin Azərbaycanın Qarabağ bölgəsinə səfərinə rəsmi qadağa qoyulmalıdır. Bu, Fransada hüquqi baxımdan rəsmiləşdirilməlidir. Yenə deyirəm, biz rəsmi Parisin kifayət qədər ikili mövqeyinin şahidi olmuşuq. Onların indi müsbət çıxış etmələri o demək deyil ki, bəzi məsələlərdə mənfi danışmağa davam edə bilməzlər. Ona görə də burada daimi monitorinq və Parisin hər hansı yanlış hərəkətlərinə aydın diplomatik reaksiya lazımdır. Amma ümumilikdə görüşün nəticələrini Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndiririk, çünki hamı başa düşür ki, ATƏT-in Minsk qrupunun mandatı, həm də Minsk qrupunun özü tükənib, yeni, tamamilə fərqli həll yollarına ehtiyac var. Ümid edirəm ki, Paris sağlam düşüncə nümayiş etdirəcək və bu prosesə sadiq olacaq”, – İ. Korotçenko bildirib.