“MiniBoss Business School Baku”nun kecirdiyi ilk milli çempionatın qalibi müəyyənləşdi (FOTO)

İyunun 15-də “MiniBoss Business School Baku”nun şagirdləri arasında ilk dəfə olaraq milli çempionat keçirilib.

AzerTimes Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, çempionatda “MiniBoss Business School Baku”nun şagirdlərindən ibarət 6 komanda peşəkar münsiflər heyəti qarşısında öz biznes layihələrini – startaplarını təqdim ediblər.

Çempionatda “AzIQ” komandası “Azərbaycanın milli dəyərlərini təbliğ edən stolüstü oyun”, “Choco Magic” komandası “Tam şəkərsiz şokoladın istehsalı və satışı”, “FAF Creations” komandası “Bath Bombs”, “Football4Fun” komandası “Azərbaycanda futbol üçün geyim və aksesuarların satışını həyata keçirən ilk onlayn mağaza və Youtube kanalı”, “My First Football album” komandası “Azərbaycanın futbol nailiyyətlərinə və futbol tarixinə həsr olunmuş ilk albom”, “Smart Candy” komandası isə “Unikal onlayn şirniyyat malların satışı” startap layihəsi barədə məlumat veriblər.

“FAF Creations” komandasının “Bath bombs” startap layihəsi çempionatın qalibi olub və komandaya kubok təqdim edilib. Layihə ekoloji cəhətdən təmiz təmizlik vasitələrinin hazırlanmasını və yerli bazarda satışını nəzərdə tutur.

“FAF Creations” komandası milli çempionatın qalibi kimi “MiniBoss Business Scholl Baku”nu Dünya Startap Çempionatında təmsil edəcək. Ümumiyyətlə, milli çempionatda iştirak etmiş bütün komandalara sertifikatlar verilib.

Qeyd edək ki, “Miniboss Business School” beynəlxalq təhsil şəbəkəsi uşaq və yeniyetmələrə biznesin əsaslarının tədris olunduğu biznes məktəbdir və dünyada 50-dən çox filialı var. “MiniBoss Business School” şagirdlərə biznes bilikləri ilə yanaşı, liderliyi, işinə və komandasına görə məsuliyyət daşımağı öyrədir. Bu məqsədlə hər il “MiniBoss Business School”un şagirdləri arasında milli və beynəlxalq səviyyədə çempionatlar təşkil olunur. Milli çempionatın qalibi Dünya Startap Çempionatında biznes məktəbi təmsil edir. Dünya Startap Çempionatının qalibləri kubok, qızıl medal və diplomlarla təltif olunurlar.
2020-ci ildən Bakıda fəaliyyət göstərən “Miniboss Business School Baku” uşaqların, yeniyetmə və gənclərin erkən yaşlardan biznes və sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsini tədris edir.

Teqlər: