Mingəçevirdə dünən dəm qazından zəhərlənən 15 nəfər evə buraxılıb

Mingəçevir. Trend:

Dünən axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlarda
dəm qazından zəhərlənmə halları baş verib və təcili yardıma
fasiləsiz olaraq çağırışlar daxil olub.

Bunu AzerTimes-a
Mingəçevir şəhər təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin
rəhbəri Allahverdi Alıyev deyib.

O qeyd edib ki, təcili yardım briqadaları fasiləsiz olaraq
sürətlə hərəkət ediblər və vaxtında hadisə yerlərinə çataraq
xəstələri təcili yardım şöbəsinə gətiriblər.

“Bütövlükdə xəstələrin sayı 15 nəfər olub, onlardan 8 nəfəri
qadın, 2 nəfəri kişi, 5 nəfəri isə uşaq olub. Bir nəfər dializ
xəstəsi idi. Onun vəziyyəti nisbətən ağır olduğuna görə bir neçə
saat əlavə yardıma ehtiyacı oldu və o da sağalma ilə evə
yazılıb.

Bütün xəstələr evə buraxılıb, heç bir ağırlaşma və ölüm halı baş
verməyib. Onların əksəriyyəti hamamda yuyunarkən, bir neçəsi isə
mətbəxdə yemək bişirərkən dəm qazından zəhərləniblər”, – deyə o
əlavə edib.

Teqlər: