2022-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Education HUB”ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “İdeyadan fəaliyyətə” proqramı çərçivəsində həyata keçirilən “YouthTech” adlı layihə uğurla başa çatıb.
Layihə çərçivəsində 2021-ci ilin dekabrın 1-dən 2022-ci ilin fevralın 2-dək onlayn və əyani formatda təlimlər keçirilib. Təlimlərdə MDU-nun tələbə və magistrantları, eləcə də Mingəçevir şəhərinin bir qrup gənci iştirak ediblər.
Tələbələrin biznes və texnologiya sahəsində olan trendlərlə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə həyata keçirilən proqramda Tekirdağ Namık Kemal Universitetinin professoru Güvenc Usanmaz və Rumıniyanın Transilvaniya Universitetinin professorları Ekaterina Koman, Laura Potinku və MDU-nun Tədris şöbəsinin mütəxəssisi Elçin Tağıyev təlimçi qismində çıxış ediblər.
İnformasiya texnologiyaları, mühəndislik və biznes idarəçiliyi istiqamətində həyata keçirilən təlimlər “Ümumi dildə kompüter elmi və proqramlaşdırma”, “Korporativ sosial məsuliyyət”, “Beynəlxalq rabitə”, “Sosial məsuliyyətli iqtisadi operatorların maraqlı tərəfləri”, “Etik davranış və qarışıq marketinq”, “İşgüzar danışıqlar”, “Böhran kommunikasiyası” və “Metaverlər və 5G” mövzularını əhatə edib.
Sonda, layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tərəfdaşlarla birlikdə təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına töhfə verən müvafiq layihələrin reallaşdırılmasına xüsusi önəm verilir.