2022-ci ilin 30 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) “Rektorla söhbət” layihəsinə start verilib.
Layihə çərçivəsində MDU-nun rektoru Şahin Bayramovun ilk görüşü
universitetin magistrantları ilə keçirilib. Universitetin əsas
tədris binasının həyətində baş tutan görüşdə 70-ə yaxın magistrant
iştirak edib.
MDU-dan Trend- bildirilib ki, magistrantları salamlayan
Ş.Bayramov, əvvəlcə, universitetdə yeni reallaşdırılmağa başlanılan
“Rektorla söhbət” layihəsinin əsas məqsədlərindən və
gözləntilərindən danışıb. Layihə çərçivəsində MDU ailəsi üzvləri və
regionun təhsil, elm, innovasiya və sahibkarlıq ekosisteminin
müxtəlif nümayəndələri ilə davamlı olaraq görüşlərin keçiriləcəyini
qeyd edən rektor başlıca məqsədin yeni dövrün universitetinin
qurulması yolunda mövcud ehtiyacların və tələblərin öyrənilməsi
olduğunu bildirib.
Magistratura səviyyəsində kadr hazırlığının universitetin elmi
və akademik potensialının gücləndirilməsi baxımından önəmini
diqqətə çatdıran Ş.Bayramov, ilk görüşün magistrantlarla
keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. MDU-nun strateji
hədəflərindən bəhs edən rektor universitetdə yeni yaradılan
“Magistratura və Doktorantura Təhsil Mərkəzi”nin strukturunun
təkmilləşdirilməsi, tədrisin və elmi fəaliyyətin keyfiyyətinin
yüksəldilməsi istiqamətində görülən və gələcəkdə planlaşdırılan
işlər barədə məlumat verib.
Sonra, görüş dialoq və müzakirə formatında davam edib. Görüşdə
magistrantların tədqiqat və rəqəmsal bacarıqlarının, xarici dil
biliklərinin inkişaf etdirilməsi, dissertasiya işlərinin
tətbiqyönümlüyünün artırılması, ixtisaslar üzrə müasir trendlərin
davamlı olaraq izlənilməsi, konfranslarda, seminarlarda və digər
elmi tədbirlərdə, universitet idarəçiliyində və sosial
fəaliyyətlərdə, eləcə də regionun ictimai həyatında aktivliyin
yüksəldilməsi, qabaqcıl yerli və xarici tərəfdaş ali təhsil
müəssisələrində doktoranturaya qəbulun dəstəklənməsi, mübadilə
proqramlarında iştirak imkanlarının genişləndirilməsi və digər
məsələlər barəsində fikir mübadiləsi aparılıb, iştirakçıların
sualları cavablandırılıb, arzu və istəkləri dinlənilib.
Səmimi formatda keçirilən görüşün təşkilinə görə təşəkkürünü
bildirən magistrantlar universitet rəhbərliyinin yeni təşəbbüsünü
müsbət dəyərləndirib və layihənin işinə uğurlar arzulayıblar.
Sonda, cari ilin 29 mart tarixində MDU-da keçirilən
magistrantların “Elm günü”nə həsr olunmuş IV elmi-nəzəri
konfransında çıxış edən iştirakçılara sertifikatlar təqdim
olunub.
Qeyd edək ki, “Peşəkarla söhbət” layihəsi MDU rəhbərliyinin
universitet və cəmiyyətlə çevik kommunikasiyasının təmin edilməsi
məqsədi daşıyır. Layihə çərçivəsində davamlı olaraq keçiriləcək
görüşlər MDU-da strateji fəaliyyətlərin yeni çağırışlara
uyğunlaşdırılması işinə xidmət edir.