Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib (FOTO)

2021-ci ilin 18 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan elmi-nəzəri konfrans keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov Müstəqilliyin Bərpası Günü münasibətilə universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunlarını təbrik edib.

Düz otuz il bundan əvvəl olduqca mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyini deyən Ş.Bayramov müstəqilliyin qorunması, onun əbədi və dönməz surətdə möhkəmləndirilməsində, demokratik dövlət quruculuğunda ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından və uzaqgörən siyasətindən danışıb.

Ulu Öndərin layiqli siyasi varisi İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən rektor hazırda Azərbaycanın müstəqil və suveren dövlət kimi hərtərəfli, dayanıqlı və dinamik surətdə inkişaf etdiyini, əldə edilən möhtəşəm qələbələrlə beynəlxalq nüfuzunun xeyli dərəcədə artdığını və müstəqilliyinin təməllərinin daha da gücləndiyini vurğulayıb.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfəri müstəqillik tariximizin ən şanlı səhifəsi kimi dəyərləndirən Ş.Bayramov, ilk dəfə olaraq, bu bayramın tam fərqli, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqın nümayəndəsi kimi qeyd etməkdən sonsuz sevinc və qürur hissi keçirdiyini bildirib.

Otuz illik yurd həsrətinə son qoyan haqq savaşında tarixi ədalətin, ərazi bütövlüyünün və milli ləyaqətin bərpa edilməsini müstəqilliyimizə verilən misilsiz töhfələr olduğunu diqqətə çatdıran rektor bu müqəddəs amallar uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

İşğaldan azad edilmiş əzəli torpaqlarımızın dirçəldilməsi və burada yeni həyatın qurulması istiqamətində görülən sürətli, irimiqyaslı, kompleks və sistemli işlərdən, əldə edilən nailiyyətlərdən söhbət açan Ş.Bayramov uzun müddət erməni vandalizminə məruz qalmış doğma Qarabağın ən qısa zamanda tamamilə yenilənəcəyinə və müasirləşəcəyinə əminliyini ifadə edib.

Təhsil sistemində çalışan əməkdaşların cəmiyyət həyatında mühüm rol oynadığını qeyd edən rektor MDU ailəsinin bütün üzvlərinin hər zaman müstəqil Azərbaycanın inkişafında pay sahibi olmağı özünün vətəndaşlıq borcu və şərəfli missiyası hesab etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun əməkdaşlarından müəllim Gülər Əjdərzadə “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, baş müəllim Arif Tağıyev “Azərbaycan – 30: milli iqtisadiyyat quruculuğundan davamlı iqtisadi inkişafa doğru”, dosent Sahib Məmmədov “Müstəqillik dövründə Azərbaycan təhsilinin keçdiyi inkişaf yolu”, müəllim Səadət Şıxəliyeva “Müstəqillik dövründə Azərbaycan energetikasının sürətli inkişafı” mövzularında məruz ediblər.

Məruzələrdə otuz il ərzində Azərbaycanın keçdiyi müstəqil inkişaf yolundan, müstəqilliyin etibarlı və möhkəm təməllərinin qurulmasında, cəmiyyətin hərtərəfli inkişafında dahi lider Heydər Əliyevin tarixi və misilsiz xidmətlərindən bəhs edilib, hazırda Ulu Öndərin zəngin və əbədiyaşar dövlətçilik ideyalarına əsaslanaraq uğurla davam edən siyasətin təntənəsindən danışılıb.

Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

Teqlər: