Mingəçevir Dövlət Universitetində Karyera və İnkişaf Mərkəzinin açılışı olub (FOTO)

2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
(GIZ) maliyyə və texniki dəstəyi ilə yaradılan Karyera və İnkişaf
Mərkəzinin (KİM) açılışı olub.

Açılışda MDU-nun rektoru Şahin Bayramov, GIZ-in qrup rəhbəri
Joerg Le Blanc və layihə mütəxəssisi Nicat Qarayev iştirak
ediblər.

KİM-in yaradılmasına göstərdikləri dəstəyə görə GIZ rəhbərliyinə
və layihə əməkdaşlarına təşəkkürünü bildirən rektor Ş.Bayramov
qonaqları Mərkəzlə tanış edib. Mərkəzin fəaliyyətinə universitetin
əməkdaşları ilə yanaşı, tələbə könüllülərin də cəlb edildiyini
vurğulayan rektor KİM-in strukturu, təqdim etdiyi imkanlar və
göstərdiyi xidmətlər barədə məlumat verib. Bildirilib ki, müvafiq
dövlət qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq etməklə, yerli
və xarici universitetlərin müvafiq təcrübəsindən faydalanmaqla
tələbə, məzun və gənc əməkdaşların karyera inkişafına töhfə verməyi
hədəfləyən Mərkəz öz fəaliyyətini əmək bazarı iştirakçıları ilə
işbirliyinin yaradılması, müvafiq qrant layihələrində iştirak,
müxtəlif mövzularda təlimlər və seminarların təşkil edilməsi,
məzunların işlə təminatı, təhsilalanların təcrübə imkanlarının
artırılması və digər istiqamətlərdə qurub.

Sonra Mərkəzdə çalışan heyət üzvləri ilə real iş şəraitində
söhbət aparılıb.


Daha sonra rektor qonaqlarla görüş keçirib.

Görüşdə layihənin nəticələri, növbəti mərhələlərdə görüləcək
işlər və MDU-nun strateji hədəflərinə uyğun olaraq GIZ ilə
potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi
aparılıb.

Qeyd edək ki, MDU-da “Karyera və İnkişaf Mərkəzinin yaradılması”
layihəsinin icrasına 2020-ci ilin dekabrında start verilib. Layihə
GIZ tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi
köçkünlərin və yerli əhalinin iqtisadi, sosial inkişafı” (EPIC)
proqramı çərçivəsində dəstəklənib. Mərkəzin yaradılmasında əsas
məqsəd əmək bazarında rəqabət qabiliyyətliliyin yüksəldilməsi,
karyera seçimi və məşğulluq problemlərinin həlli, işəgötürənlərlə
əlaqələrin yaradılması, ali təhsilin növbəti səviyyələrində
təhsilin davam etdirilməsi və karyera inkişafında digər vacib
məsələlərdə təhsilalanlara və məzunlara köməklik göstərməkdir.

Teqlər: