Mingəçevir Dövlət Universitetində doktorantlar və gənc tədqiqatçılarla görüş keçirilib (FOTO)

18 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorantlar və gənc tədqiqatçılarla görüş keçirilib.

Görüşdə MDU-nun rektoru Şahin Bayramov son dövrdə strateji hədəflərə uyğun olaraq universitetin modernləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran fəaliyyətlərdən bəhs edib.

Tədqiqat universitetinə çevrilməyin əsas strateji məqsədlərdən biri olduğunu vurğulayan rektor ölkənin və regionun inkişafına töhfə məqsədilə elmi tədqiqatların nəticəyönümlüyünün artırılmasının və yeni araşdırma mərkəzlərinin yaradılmasının vacibliyindən danışıb, bu istiqamətdə gənc tədqiqatçıların üzərinə düşən vəzifələri diqqətə çatdırıb.

MDU-nun gənc əməkdaşları və məzunlarının yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında təhsil almalarına müvafiq dəstəyin göstərildiyini deyən Ş.Bayramov elmi kadrların yetişdirilməsi, birgə tədqiqatların aparılması və elmi tədbirlərin təşkili istiqamətində partnyor universitetlərlə işbirliyinin yaratdığı imkanlardan söhbət açıb.

Universitetdə elmi fəaliyyətin təşviqi, akademik heyət üzvlərinin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, nüfuzlu beynəlxalq nəşrlərdə məqalələrin sayının artırılması, “Dayanıqlı inkişaf” adlı ilk elmi jurnalın təsis edilməsi və yaxın gələcəkdə müvafiq ixtisaslar üzrə doktorantura təhsilinin təşkili barədə məlumat verən rektor MDU-da elmi potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən gözləntilərini ifadə edib.

Gənc kadrlara universitet idarəçiliyində xüsusi önəm verildiyini, onların hərtərəfli inkişafı və karyera yüksəlişini təmin edən əlverişli akademik mühitin yaradılmasının diqqət mərkəzində saxlanıldığını bildirən Ş.Bayramov təqdim edilən imkanlardan maksimum faydalanmağı tövsiyə edib və gələcək fəaliyyətlərində gənclərə uğurlar arzulayıb.

Görüşdə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən doktorantlar və gənc tədqiqatçılar modernləşməyə doğru inamla irəliləyən MDU-nun strateji hədəflərinin uğurla reallaşdırılacağına və bununla bağlı üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi potensialın gücləndirilməsinə, təhsil, elm və innovasiyaların səmərəli inteqrasiyasını təmin edən əlverişli akademik mühitin formalaşdırılmasına hədəflənən müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Teqlər: