Mingəçevir Dövlət Universiteti və Qazi Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)

2022-ci ilin 7-8 dekabr tarixlərində Türkiyənin Qazi
Universitetinin Texnoloji fakültəsinin dekanı Süleyman Tekeli və
Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem Mingəçevir
Dövlət Universitetində olublar.

Səfər çərçivəsində MDU-nun rektoru Şahin Bayramov ilə aparılan
müzakirələrdən sonra nümayəndə heyəti universitetin bir qrup
professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və
magistrantları ilə görüşüb.

Görüşdə qonaqları və iştirakçıları salamlayan Ş.Bayramov
Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan Qazi
Universitetinin professorlarını MDU-da görməkdən məmnunluğunu
bildirib. Qazi Universiteti ilə işbirliyinin inkişafından və həyata
keçirilən birgə fəaliyyətlərin konkret nəticələrindən bəhs edən
rektor növbəti mərhələdə universitetlər arasında əməkdaşlıqdan
başlıca gözləntilərini diqqətə çatdırıb. MDU-nun yeni dövrün
universitetinə çevrilməsi yolunda qarşıya qoyulmuş prioritet
vəzifələrin yerinə yetirilməsində qardaş ölkənin tərəfdaş
universitetinin dəstəyinin önəmini vurğulayan Ş.Bayramov, Qazi
Universitetinin rektoru ilə keçirilmiş əvvəlki görüşlərdə
razılaşdırılan əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb,
əməkdaşlığın inkişafına töhfə verən bütün akademik və inzibati
heyət üzvlərinə təşəkkürünü bildirib.

MDU kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən
Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı S.Tekeli,
əvvəlcə, təmsil etdiyi universitetin rektoru Musa Yıldızın
salamlarını çatdırıb. Cari ilin fevral ayında MDU-nun rektoru ilə
Bakıda keçirilən görüşü xatırladan fakültə dekanı ikitərəfli
əməkdaşlığın başlıca istiqamətlərindən birinin MDU-da İnformasiya
Texnologiyaları fakültəsinin yaradılmasına və Mühəndislik
fakültəsinin yenidən qurulmasına müvafiq dəstəyin göstərilməsi
olduğunu qeyd edib. Bu məqsədlə işbirliyinə daim açıq olduqlarını
bildirən S.Tekeli geniş təqdimatla çıxış edərək rəhbərlik etdiyi
fakültənin başlıca nailiyyətləri ilə bağlı ətraflı məlumat verib,
MDU-da mühəndislik və informasiya texnologiyaları sahəsində kadr
hazırlığının müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə birgə
fəaliyyətlərin potensial istiqamətləri barədə danışıb. MDU-da
görülən işləri yaxından izlədiyini və modernləşmə yolunda dinamik
dəyişikliklərin baş verdiyini deyən S.Tekeli əməkdaşlığın davamlı
və qarşılıqlı faydalı olacağına əminliyini bildirib.

İki universitet arasında əməkdaşlığın konkret addımlarla
möhkəmlənməsindən məmnunluğunu bildirən Qazi Universitetinin
Kompüter mühəndisliyi bölümü rəhbəri Osman Ayhan Erdem MDU-da
müasir ixtisaslar üzrə kadr hazırlığının, informasiya
texnologiyaları sahəsinin diqqət mərkəzində saxlanılmasını
təqdirəlayiq hal kimi dəyərləndirib. Müasir dövrdə mühəndislik
ixtisaslarının önəmindən danışan A.Erdem rəhbərlik etdiyi bölümdə
tədris və elmi fəaliyyətin təşkili ilə bağlı təcrübələrini bölüşüb.
Kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil proqramının
yaradılması ilə bağlı müvafiq dəstəyin göstərilməsinə hazır
olduqlarını diqqətə çatdıran A.Erdem MDU-nun kollektiv üzvlərinə
uğurlar arzulayıb.

MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvlərinin,
tələbə və magistrantlarının böyük marağına səbəb olan görüşdə
iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Sonra, nümayəndə heyəti ilə Mühəndislik fakültəsində görüş
keçirilib. Görüşdə fakültələr arasında tələbə və müəllim
mübadiləsi, ortaq araşdırma mərkəzinin yaradılması, birgə
tədqiqatların yerinə yetirilməsi və məqalələrin hazırlanması,
təhsilalanların və təhsil verənlərin praktiki bacarıqlarının
artırılması, ikili diplom və sertifikat proqramlarının
reallaşdırılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə
mübadiləsi, magistratura ali təhsil proqramlarının inteqrasiyası və
digər istiqamətlər üzrə birgə fəaliyyətin perspektivləri barəsində
ətraflı müzakirələr aparılıb və müvafiq ilkin razılıq əldə
edilib.

Görüşlərdən sonra, qonaqlar universitetin bir qrup kollektiv
üzvü ilə birlikdə Mingəçevir Sənaye Parkı və “Azərbaycan İES”-də
ekskursiyada olublar, Mingəçevir Şəhidlər Xiyabanını ziyarət
ediblər.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi əsas
hədəflərindən biri kimi müəyyənləşdirən MDU-da qabaqcıl xarici ali
təhsil müəssisələri ilə işbirliyinə xüsusi diqqət yetirilir.
MDU-nun Gazi Universiteti ilə əməkdaşlığının inkişafı universitetin
potensialının gücləndirilməsində və müasir tələblərə uyğun
keyfiyyətli kadr hazırlığının təmin edilməsində mühüm rol
oynayır.

Teqlər: