Mingçevir Dövlət Universiteti “Gələcək üçün bacarıqlar” layihəsinə qoşulub (FOTO)

2022-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən təşkil olunan “Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə” adlı hesabat
tədbirində Mingəçevir Dövlət Universitetini (MDU) rektor Şahin
Bayramov təmsil edib.

MDU-dan AzerTimes-a bildirilib ki, təhsil naziri Emin Əmrullayev,
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və respublikanın 13 ali
təhsil müəssisəsinin rəhbər heyət üzvlərinin iştirak etdiyi
tədbirdə “Gələcək üçün bacarıqlar” layihəsinə yeni qoşulan
universitetlərlə, o cümlədən MDU ilə Anlaşma Memorandumu
imzalanıb.

Tədbirdə layihə çərçivəsində həyata keçirilmiş və yeni
başlayacaq işlər barədə məlumat verilib, innovasiya ekosisteminin
davamlılığının təşkili prosesində təhsil müəssisələrinin rolu,
biznes nümayəndələrinin bu fəaliyyətdə aktiv iştirakı, mentorluq
fəaliyyətinin önəmi və digər məsələlərə toxunulub.

Qeyd edək ki, 2021-ci ilin aprel ayından həyata keçirilən
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində
kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin
dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil
prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin
texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə
yönləndirilməsidir.

Layihəyə ilkin mərhələdə 4 universitet – Azərbaycan Dövlət
İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki
Universiteti, mentor kimi isə 48 müəllim qoşulub. “Gələcək üçün
bacarıqlar” layihəsinə bu gündən daha 9 ali təhsil müəsisəsi
qoşulub. Bunlar Bakı Dövlət Universiteti, ADA Universiteti,
Azərbaycan Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı
Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər
Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət
Universitetidir.

Teqlər: