Minalanmış sahələrin xəritəsi niyə verilmir? – Ermənistanın müharibə cinayətləri sərhəd tanımır

Xəbər - Elgün Mənsimov – Trend:

Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə mina partlayışı ilə bağlı 15 hadisə baş verib. 30 mülki şəxs minaya düşüb. Onlardan 14 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Müharibədən cəmi 4 ay keçməsinə baxmayaraq, bu qədər mülki şəxsin minaya düşməsi Azərbaycan və bir çox dünya ölkələrini narahat edir. Lakin bütün bunlara rəğmən, Ermənistan minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etmir. Dünya dövlətləri tərəfindən bununla bağlı çoxsağlı çağırışlar olsa da Ermənistana birbaşa təzyiqlər göstərilmir. Beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən öncə olduğu kimi, yenə susqunluq nümayiş etdirir. Nəticədə Ermənistan da öz müharibə cinayətlərini davam etdirir.

Ermənistan sülh istəmir

Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə birinci növbədə sülhə mane olur. İkincisi isə bu, bütün beynəlxalq qanunlara, prinsiplərə ziddir və hərbi cinayət hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Məsələn, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək bu vaxtı verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır.

Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək dinc vətəndaşları bilərəkdən ölümə məhkum etmək deməkdir

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bu məsələyə də toxuinaraq bildirdi ki, ərazilərin minalanması əsas çətinlikdir: “Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz”.

Minalanmış ərazilərin xəritəsi Azərbaycana verilməlidir – Xarici ekspertlər

Xarici ekspertlər də bildirir ki, minalanmış ərazilərin xəritəsini Ermənistan Azərbaycana verməlidir, əks halda, bu, hərbi cinayət hesab olunur.

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenkonun fikirlərinə diqqət edək: “İşğaldan azad olunan ərazilərdə yüzlərlə kvadrat kilometr minalanmış ərazi var. Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir”.

Həmçinin, bu il martın 2-də İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub. “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.

Ermənistan mülki insanların həyatını təhlükə altında qoyur

Bunlarla yanaşı, bir sıra dövlətlərin rəsmi və müstəqil media resurslarında Ermənistanın sözügedən müharibə cinayətləri ilə bağlı onlarla məqalə dərc olunub. Misirin “Əl Masr Əl Yom” nəşrində “Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəmir” sərlövhəli məqalədə vurğulanır ki, Ermənistan Qarabağda minalanmış sahələrin xəritələrini Azərbaycana verməkdən imtina edir. Orada mina partlayışları nəticəsində dinc sakinlər həlak olur, dünya birliyi isə susur.

Eyni zamanda, Fransanın “Mediapart” portalında jurnalist Anri Furkadinin müəllifi olduğu “Beynəlxalq hüququn tələbinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Ermənistanın işğaldan azad olunmuş ərazilərdən minalanmış sahələrin xəritəsini verməli olduğu bildirilir. Qeyd olunur ki, Ermənistan insan ölümü ilə nəticələnən bu davranışını dayandırmalı və minaladığı zonaların yerini göstərməlidir. Müəllif, həmçinin yazır ki, 44 günlük müharibə zamanı Ermənistanın kaset bombalardan və qadağan olunmuş digər silahlardan istifadə etdiyini bir çox qeyri-hökumət təşkilatı da təsdiqləyib.

Məqalədə Ermənistanın minaların xəritəsini verməkdən imtina etməsi Cenevrə konvensiyalarının kobud şəkildə pozulması kimi təqdim edilir. Bildirilir ki, beynəlxalq hüquqa əsasən, müharibədə məğlub olan dövlət minalanmış ərazilərin xəritəsini qələbə qazanmış ölkəyə təqdim etməlidir. Ermənistan isə bundan imtina edir və insanların həyatını təhlükə altında qoyur.

Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir

Bu kontekstdə Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna, Moldova KİV-lərində də xeyli sayda məqalələr dərc olunub. Bu məqalələrin hər birində Ermənistana açıq çağırışlar edilir. Lakin bütün bunlar Ermənistanın düz yola qayıtması üçün yetərli deyil. Ona görə də dünya birliyi – beynəlxalq təşkilatlar və nüfuzlu ölkələr Ermənistana konkret təzyiqlər göstərməli və ya sanksiyalar tətbiq etməlidir. Əks təqdirdə, Ermənistanın bu naqis niyyəti ucbatından onlarla günahsız mülki şəxsin həyatı hələ də təhdid altında qalacaq.

Ona görə də işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğu nəzərə alınaraq müvafiq icazə olmadan, həmin ərazilər minalar və digər partlayıcı maddələrdən tam təmizlənmədən oraya səfər etmək tövsiyə olunmur.

Teqlər: