Minalanmış sahələrin dəqiq xəritələrinin təqdim olunmaması Qarabağdakı şəhərsalma proseslərini əngəlləyir – Anar Quliyev (FOTO)

Aprelin 28-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər
Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən Nyu-York şəhərində
yerləşən mənzil-qərargahında “Yeni Şəhər Gündəliyi” sənədinin icra
vəziyyəti və şəhərsalma məsələləri üzrə keçirilən yüksək səviyyəli
iclasda iştirak edib. BMT-nin İnsan Məskənləri Proqramının
(“UN-HABITAT”) həmtəşkilatçılığı ilə keçirilən bu tədbirə üzv
dövlətlərin hökumətlərinin rəhbərliyi və üzvləri də qatılıb.

Trend xəbər verir ki, iclasda çıxış edən Komitə sədri ölkəmizin
qlobal şəhərsalma trendləri və dəyərlərinə töhfəsindən,
şəhərsalmanın inkişafı istiqamətində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş
nailiyyətlərdən danışıb, habelə 30 il işğal altında qalmış
ərazilərimizdə Ermənistan işğalçılarının insanlıq əleyhinə
əməlləri, şəhərlərimizin və mədəni irsimizin məhv edilməsi
faktları, törədilmiş urbisid, ekosid cinayətləri və hazırda
tərəfimizdən həmin ərazilərin yenidən dirçəldilməsi məqsədilə
aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir şəhərsalma
yanaşmaları barədə ətraflı məlumat verib.

Anar Quliyev BMT-nin yüksək tribunasından dünya ictimaiyyətinin
diqqətini Azərbaycanın olduqca böyük ərazilərinin işğal altında
olduğu dövrdə minalanması faktına, minalanmış sahələrin dəqiq
xəritələrinin bugünədək təqdim olunmamasının şəhərsalma
proseslərini və Azərbaycanlıların doğma torpaqlarına qayıdışını
əhəmiyyətli dərəcədə əngəlləyən əsas səbəblərdən biri olduğuna
xüsusi cəlb edib.

Teqlər: