Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib (FOTO)

Aprelin 1-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli
Qəhrəmanı, Vətən müharibəsinin şəhidi polkovnik Şükür Həmidovun
doğum günü münasibətilə anım tədbiri keçirilib.

AzerTimes xəbər verir ki, Müdafiə
Nazirliyinin bir qrup zabiti, Qubadlı rayon İcra Hakimiyyətinin və
Qubadlı rayon Mədəniyyət Evinin əməkdaşları, Vətən müharibəsinin
iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə
üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, önünə əklil
və gül dəstələri qoyublar.

Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Çıxış edənlər qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər
zabit kimi Vətənə qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri
və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və igidliyindən
danışıblar.

Şükür Həmidovun qəhrəmanlığının Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi,
müxtəlif orden və medallara təltif olunduğu xüsusi vurğulanıb.

Milli Qəhrəmanın atası Nəriman Həmidov göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna
görə Azərbaycanda Respublikasının Prezidentinə və Müdafiə
Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Anım tədbiri Sumqayıt şəhərində şəhid zabitin şərəfinə inşa edilən
xatirə abidəsinin və Qubadlı rayonu Azərbaycanın Milli Qəhrəmanı
Şükür Həmidov adına Xanlıq kənd 3 nömrəli tam orta məktəbin ziyarət
olunması ilə davam edib.

Teqlər: