Martın 31-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli
Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad
Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, anım mərasimində Müdafiə Nazirliyinin və
Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə
üzvləri və yaxınları, döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi
orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib.
Mərasimdə çıxış edənlər Murad Mirzəyevin şərəfli həyat və xidmət
yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və
qəhrəmanlıq nümunələrindən danışıblar.
Qeyd olunub ki, şəhid zabitin göstərdiyi rəşadət Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin
rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.