Antibiotiklərdən necə düzgün istifadə edilməlidir?

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının
Təcili tibbi yardım həkimi Nərgiz Kərimova “Antibiotiklərdən necə
düzgün istifadə edilməlidir?” sualını cavablandırıb.

Antibiotiklər haqqında son vaxtlar çox danışılır. Belə ki, bütün
dünyada və eləcə də ölkəmizdə COVID-19 pandemiyası başladığı
vaxtdan, bu xəstəliyin fəsadlarına qarşı mübarizədə
antibiotiklərdən istifadə gündəmə gəlib. Bir çox insan
antibiotiklərin virusa təsir etmədiyini nəzərə almayaraq, həkimə
müraciət etmədən, həkim təyin etmədən, heç bir fəsadları düşünmədən
onlardan COVID-19 xəstəliyinə qarşı bolluca istifadə edirlər.
Mən bu gün sizlərə antibiotiklərdən düzgün istifadə haqqında söhbət
açmaq istəyirəm. Antibiotiklər mikroorqanizmlərlə – bakterial
infeksiyaların törədiciləri ilə mübarizə üçün yaradılmışdır. Onlar
mikroorqanizmlərin strukturuna dağıdıcı təsir edir və çoxalmasına
mane olurlar. Amma bakteriyaların heç də hamısı sürətlə məhv olmur.
Bəzi dərmanlar effektsiz, hətta təhlükəli ola bilər. Müalicə yaxşı
təsir etsin deyə, antibiotiklərə müraciət zamanı müəyyən qaydalara
riayət etmək lazımdır:

Antibiotikləri yalnız həkimin təyinatı üzrə qəbul edin;

Antibiotiklər təyin olunarkən mütləq həkimin yazdığı dozada və
yazdığı müddətdə qəbul edin;

Dostlarınızın və tanışlarınızın məsləhəti ilə antibiotiklərlə
özünümüalicəyə başlamayın;

Həkiminizin sizə yazdığı antibiotikləri dostlarınıza və
tanışlarınıza tövsiyə etməyin;

Evinizdəki dərman qutusunda antibiotikləri “lazım olar” deyə,
saxlamayın.

Mikrofloranın antibiotiklərə həssaslığı fərdidir: bəzi
insanlarda bakteriyalar eyni antibiotiklərə fərqli reaksiya verir.
Ona görə də orta statistik mənzərə əsasında antibiotiklərin təyin
edilməsi heç də həmişə arzuolunan müalicəvi effekti vermir. Eyni
zamanda, hər hansı antibiotik əlavə mənfi təsirlərə malik olan
ciddi müalicə vasitəsidir. Həkim antibiotikləri təyin edərkən əmin
olmalıdır ki, bu və ya digər antibiotik həqiqətən xəstə üçün
effektiv olacaq və infeksiyanın öhdəsindən gələcək.

Buna görə də, xəstələrin mikroflorasının antibiotiklərə
həssaslığının yoxlanılması çox vacibdir. Bir həkim kimi məsləhət
görürəm ki, heç vaxt antibiotiklərdən özbaşına istifadə
etməyəsiniz. Düzgün müalicə alın ki, sağlam olasınız

Teqlər: