Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr
Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb. Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a bildiriblər ki,
Parlamentin sədri qonağın Bakıda keçirilən İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında
iştirakını yüksək dəyərləndirib.
Qeyd edilib ki, nümayəndə heyətlərimizin bu cür beynəlxalq
tədbirlərdə iştirakı, tərəfləri düşündürən məsələlərin müzakirəsi
baxımından çox önəmlidir. Spiker Azərbaycan və Tacikistan
xalqlarının oxşar mədəni dəyərlərə malik olmasının əlaqələrimizin
inkişafı üçün yaxşı zəmin yaratdığını söyləyib. Qeyd edilib ki,
Azərbaycan-Tacikistan dostluğunun qədim tarixi vardır. Biz
gələcəkdə də bu ölkə ilə həyatın müxtəlif sahələrində əlaqələrimizi
genişləndirmək niyyətindəyik. Bildirilib ki, yüksək səviyyəli
görüşlər zamanı, aparılan danışıqlar ölkələrimiz arasında
imzalanmış sənədlər əlaqələrimizin daha da inkişafına yaxşı zəmin
yaradır.
Bu gün iqtisadi, mədəni humanitar sahələrdə münasibətləri daha
da dərinləşdirmək üçün geniş imkanlar mövcuddur.
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri
Mahmadtoir Zokirzoda İƏT PA Üçüncü Ümumi Konfransında iştiraka
dəvətə görə minnətdarlığını ifadə edib, burada gördüyü
qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkil olunması görə
təşəkkür edib. Bildirib ki, Tacikistan Azərbaycanla təkcə siyasi
deyil, iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığı
genişləndirmək istəyir. Parlamentlər səviyyəsində əlaqələrin
inkişafı bu sahələrə də öz müsbət təsirini göstərə bilər. Bu
baxımdan nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyətlərimizin
iştirakını və qarşılıqlı səfərləri qonaq təqdir edib.
Görüşdə parlamentlərarası əlaqələrinin buğunu, gələcək inkişaf
perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.