Azərbaycan Milli Məclisinin deputatları İrəvanda Göy məscidi
ziyarət ediblər.
Trend xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili paylaşım
edib.
“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan
yeganə Azərbaycan abidəsidir.
Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları,
arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik,
inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri
tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə
daim xeyirxah olur və yekunda da qəbul olunur”, – komitə sədri qeyd
edib.
Qeyd edək ki, fevralın 22-də İrəvanda AVRONEST PA-nın komitə
iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST
PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və
Soltan Məmmədov iştirak ediblər.