Milli Məclis komitələrinin Şuşada keçirilən birgə iclası başa çatıb

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada
keçirilən birgə iclasında müzakirəyə çıxarılan qanun layihələri
parlamentin plenar iclasına tövsiyə olunub.

AzerTimes-ın məlumatına görə, toplantında əvvəlcə “Azərbaycan
Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan
Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin
təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Qeyd edilib ki, Anlaşma Memorandumu 1 il müddətinə qüvvədə qalır
ve Tərəflərdən birinin digərlərinə Anlaşma Memorandumunun
müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə
onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi
təqdirdə, avtomatik olaraq sonraki bir illik müddətlərə uzadılır.
Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra
ləğv edilir.

Anlaşma Memorandumu tərəflərin qarşılıqlı razılığı ilə
dəyişdirilə ve ona əlavələr edilə bilər. Belə dəyişiklik və
əlavələr bu Anlaşma Memorandumunun tərkib hissəsi olub ayrıca sənəd
şəklində bağlanılır və bu Anlaşma Memorandumu ilə eyni qaydada
qüvvəyə minir.

Bundan əlavə “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimi
məqsədilə ev sahibi ölkəyə gətirilən təchizat və avadanlıqlar
gömrük rüsumlarından və vergilərdən azad ediləcək.

Daha sonra isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında”
qanun layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə
əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində
əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının
hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici
valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılacaq.

Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə
əsasən isə rezidentlərin xarici valyuta hesabları ilə bağlı
tələblər artırılıb.

Azərbaycan Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən
edilmədikdə rezidentlər əldə etdikləri xarici valyutanı məcburi
şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidir.

Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar
iclasına tövsiyə olunub.

Teqlər: