Millət vəkili şəhid qəhrəmanların ailə üzvləri ilə görüşdü

Millət vəkili şəhid qəhrəmanların ailə üzvləri ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvləri ilə görüşüb.

AzerTimes xəbər verir ki, şəhidlərimizin ata-anaları, xanımları, övladları, qardaş-bacıları ilə könül söhbəti edən Komitə sədri onları 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, ən xoş duyğularını bölüşüb.

Görüş paytaxtdakı TEM-ART Sənət Mərkəzində, Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunmuş – ipək üzərində kölgə effektli portretlərin sərgi-təqdimatında baş tutub.

Q.Paşayeva tədbirin torpaqlarımızın azadlığı uğrunda mübarizədə öz hüquqlarından və əziz canlarından keçərək qəhrəman olmuş oğullarımıza həsr edilməsini qədirşünaslıq, vətəncanlılıq hadisəsi kimi dəyərləndirib.

O, 44 günlük müharibədə qazandığımız Zəfərin tariximizdəki müstəsna yerinə və Vətən Müharibəsi qəhrəmanlarımızın Zəfərimizdəki müstəsna roluna sənətin müraciətinin yüksək qiymətə malik olduğunu deyib.

Q.Paşayeva şəhidlərimizin bütün əməli yaradıcılıq sahələri təmsilçiləri tərəfindən yad edilməsini bir mənəvi borc kimi xarakterizə edib.

Komitə sədri şəhid ailələri üzvlərinin ürək sözlərini dinləyib, qəhrəmanlarımızın həyat və döyüş yolu ilə yaxından maraqlanıb.

O, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək həssaslıqla yanaşmasından, diqqət-qayğısından söz açıb, bu diqqət-qayğının, həssaslığın hər bir Millət vəkili, məmur və cəmiyyətin aparıcı nümayəndəsi üçün də örnək təşkil etdiyini deyib: “Bayramlarda, əlamətdar günlərdə xatırlanmağı ən çox sizlər – şəhid ailələrimiz haqq edirsiz. Qəhrəman şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik. Ruhları şad olsun!”

Teqlər: