Bu acımasız qanlı cinayətin motivini daxildəki zidiyyətlər də təşkil edə bilər, İranın düşmən olduğu xarici dövlətlərin xüsusi xidmət orqanları da törədə bilər. Amma kimin hansı motivlə törətməsindən asılı olmayaraq, Allah onların cəzasını verəcək.
AzerTimes xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı baş verən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı danışarkən deyib.
Millət vəkili bildirib ki, bu gün hətta dünyanın demokratik, inkişaf etmiş ölkələri belə siyasi məqsədlərlə terrordan, terror təşkilatlarından istifadə edirlər:
“Türkiyəyə qarşı terror aktları törədən PKK-nın onun NATO üzrə “müttəfiqi” ABŞ tərəfindən dəstəklənməsi gözümüzün önündə baş verir. O cümlədən, İran da zaman-zaman terrora əl atır. Azərbaycan səfirliyinə və deputat Fazil Mustafaya qarşı törədilən son terror aktları bunun əyani sübutudur”.
Q.Həsənquliyev heç bir ölkənin, o cümlədən Azərbaycanın da
belə hadisələrdən tam sığortalanmasının mümkün olmadığını bildirib:
“Ölkəmizdə prezident seçkiləri kampaniyası başlanıb, istisnasız olaraq böyük qonşularımızın hamısı, Rusiya və İran müharibə və münaqişələrin, Türkiyə terrorla mübarizənin aktiv iştirakçısıdır. Ermənistanla sülh sazişi imzalanmayıb, müharibə vəziyyətindəyik. Ona görə hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq. Xüsusilə, kütləvi siyasi tədbirlərin keçirilməsi təhlükəlidir. Ona görə ki, adətən kütləvi siyasi tədbirlər bu cür terror aktlarının hədəfi olur. Bütün bunları nəzərə alaraq namizədlərə səslənirəm ki, təbliğat kampaniyası zamanı açıq havada kütləvi tədbirlərin təşkilindən imtina etsinlər. MSK isə bunun qarşılığında namizədlərə daha çox efir vaxtı ayırsın”.