Millət vəkili çağırış etdi: Bu rayonun yardıma ehtiyacı var

Millət vəkili çağırış etdi: Bu rayonun yardıma ehtiyacı var

Kikboks üzrə dünya birincisi, tanınmış idmançı Samir Həsənovun və gənc dostum, istedadlı şair İqbal Nəhmətin Yardımlıda yoxsul, imkansız ailələrə yardım kampaniyası son dərəcə vacib və çox xeyirxah bir işdir.

AzerTimes xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı deyib.

“Onları alqışlayıram. İşləri avand olsun! Onların açdıqları qapılar, dağılmış, soyuq evlərdə yaşayan, xəstə, çarəsiz insanlara baş çəkmələri, kömək əli uzatmaları, yardım etmələri haqqında sosial mediada paylaşdıqları kadrlara sakit ürəklə baxmaq olmur. Bu kadrları Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də görməlidir. Yardımlı rayonunun bütövlükdə yardıma ehtiyacı var. Başqa rayonlarımızla müqayisədə Yardımlının iqtisadi cəhətdən geri qalması, bu baxımdan demək olar ki, heç bir iş görülməməsi dağ şəraitində bir çox ailəni bir tikə çörəyə möhtac eləyib. Bunlar hökumətin Yardımlı ilə bağlı ciddi iş görməsini tələb edir. Bununla yanaşı, insanların bir-birinə əl tutması da çox vacibdir. Mən Samirlə, İqbala təşəkkürümü bildirir və uzaqda, yaxında yaşayan bütün yardımlılıları, imkanlı dostlarımızı bu xeyirxah işə qoşulmağa dəvət edirəm”, – millət vəkili bildirib.

Teqlər: