Metroda tibbi maskalardan istifadə edilməsi sərbəstdir – AÇIQLAMA

Bakı Metropoliteni koronavirus pandemiyası dövründə
sərnişindaşıma və tibbi maskalardan istifadə ilə bağlı məlumat
yayıb.

Bakı Metropoliteni QSC-dən Trend-ə bildirilib ki, koronavirus pandemiyası elan
edildiyi dövrdən metropolitenin fəaliyyətində bu və digər
tənzimləmələr tətbiq edilib.

2020-ci il martın 29-31-də sərnişinlərinə gün ərzində cəmi 5
saat xidmət göstərən Bakı metropoliteni tarixində ilk dəfə həmin il
aprel ayının 1-dən may ayının 9-una qədər 38 gün sərnişin
daşımayıb.

Xüsusi karantin rejimi müddətində sərnişndaşıma fəaliyyəti may
ayının 9-u səhər saat 06:00-da bərpa edilən metropolitendə
pandemiya dövründə ən mühüm və zəruri qaydalardan biri tətbiq
edilib. Bu, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə
tələbinin məcburi olması idi. Bu qayda Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2022-ci il may ayının 1-dən qüvvəyə minən
qərarı ilə 728 gündən sonra metropolitendə ləğv edilib:

“Onu da əlavə edək ki, ötən dövr ərzində metropolitenin
sərnişindaşıma fəaliyyəti daha iki dəfə tam məhdudlaşdırılıb.
Yuxarıda qeyd edilən müddətdən savayı, Nazirlər Kabinetinin
qərarları ilə metropoliten 2020-ci il iyul ayının 4-dən sentyabr
ayının 14-dək 72 gün, 2020-ci il oktyabrın 19-dan 2021-ci il may
ayının 31-dək 226 gün sərnişin daşımayıb. İstirahət və bir sıra
bayram günləri də daxil olmaqla, Bakı metropoliteni ötən müddət
ərzində 377 gün sərnişindaşıma xidməti göstərməyib”, – qurumdan
bildirilib.

Beləliklə, pandemiya dövründə sərnişinlər Bakı metropolitenindən
istifadə etdikləri 389 gün ərzində tibbi maska, yaxud tənəffüs
yollarını qoruyan digər fərdi vasitələrdən istifadə etməli
olublar.

May ayının 1-dən metropoliten ərazisində tənəffüs yollarını
qoruyan fərdi vasitələrdən istifadə edilməsi sərbəstdir.

Teqlər: