Hazırda Bakı Metropolitenində istifadəyə yararlı 61 qatar var, bunlardan 23-ü, yəni 115 vaqon yeni nəsil, yerdə qalan 38 qatar – yəni 190 vaqon isə istismar müddətini tamamlamamış köhnə nəsildir.
Bu sözləri AzerTimes-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, 2022-ci ildə ölkəyə 4 qatar (20 vaqon) gətirilib və artıq xəttə buraxılıb:
“İstismar müddəti bitmiş vaqonlarla bağlı iki qayda tətbiq olunur. Bu vaqonlar ya xəttən çıxarılıb doğranılıb “metal qırıntısı” kimi satılır, ya da xüsusi texniki komissiya yaradılır, uyğun rəyə əsasən istifadə müddəti uzadılır.
Metal qırıntısı kimi satışda da iki nüans var: birincidə istifadə müddəti tamamlanmış hissə doğranıb satılır. İkinci vahid qaydaya əsasən, vaqonun hansısa hissəsi dəyişdirilibsə və yenisi qoyulubsa, vaqon istismar müddətini tamamladıqda yeni hissə “Ehtiyat hissələrin mübadilə fondu”nda saxlanılır. Həmin hissə yüklük qatarlarda istifadə olunur”.
Yeni qatarların alınmasına gəldikdə isə qurum rəsmisi bildirib ki, bu vaxta qədər Rusiyanın “Metrovaqonmaş” müəssisəsi ilə tərəfdaşlıq edilib:
“Hazırda vaqonların alınması ilə bağlı fəal araşdırma və danışıqlar aparılır. “Metrovaqonmaş”la da tərəfdaşlıq istisna edilmir, danışıqlar aparılır.
Yeni ildə ölkəyə yeni vaqonların gətirilməsi və bu kimi digər məsələlərlə bağlı texniki işlər və danışıqlar tamamlandıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.