Metro stansiyalarında COVİD pasportu tələb edilir? – RƏSMİ AÇIQLAMA

Xəbər - Samir Əli – Trend:

Sosial şəbəkələrdə metro stansiyalarında sərnişinlərdən COVİD pasportunun tələb edilməsi barədə məlumatlar yayılıb. Məlumata görə, guya bəzi metro stansiyalarının girişində polis əməkdaşları və metro nəzarətçiləri sərnişinlərdən COVİD pasportu tələb edir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Metro stansiyalarının heç birində sərnişinlərdən COVİD pasportu tələb edilmir. Metro nəzarətçiləri stansiyaların girişlərində, vestübillər və platformalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunması barədə sərnişinlərə tövsiyyələr edir, qaydalara uyğun hərəkəti xahiş edirlər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə AzerTimes-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda – avtobuslarda, metrostansiyalarda COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.

Onun sözlərinə görə, polis tərəfindən ictimai nəqliyyatda – avtobuslarda, metrostansiyalarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur:

“Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.


İctimai nəqliyyatda – avtobuslarda, metrostansiyalarda COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.

Hərəkət iştirakçılarından, sərnişinlərdən, sürücülərdən bir daha xahiş edirik ki, koronovirusun daha da çox yayılmasına imkan verməmək üçün krantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar”.

Teqlər: