Mətbuat Şurası Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycan Mətbuat Şurası jurnalist Qadir İbrahimlinin vəfatı
ilə bağlı nekroloq yayıb.

Şuradan AzerTimes-a verilən məlumata görə, nekroloqda deyilir:

“Azərbaycan jurnalistikasında özünün dəst-xətti ilə seçilən,
“İstiqlal.az” saytının baş redaktoru, istedadlı həmkarımız Qadir
İbrahimli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin
hüznlə başsağlığı veririk.

İbrahimli Qadir Nadir oğlu 19 dekabr 1968-ci ildə Lənkəranda
anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil
alıb.

Hələ gənclik illərindən həyatını jurnalistika ilə bağlayıb.
Ölkənin tanınmış kütləvi informasiya vasitələrində çalışmaqla oxucu
rəğbəti qazanıb. Peşənin verdiyi üstünlüklər, əməksevərliyi onu həm
də iqtisadçı ekspert kimi formalaşdırıb, cəmiyyətə tanıtdırıb.
Ölkəmiz, cəmiyyətimiz üçün əhəmiyyət daşıyan bir sıra layihələrdə
ekspert və koordinator olub.

Q.İbrahimli ictimai həyatda fəal iştirakı ilə seçilib. 2008-ci
ildən “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri
olub.

Media ictimaiyyətini narahat edən məsələlərə intensiv və
ardıcılıq münasibətilə fərqlənib. 2010-cu ildən Azərbaycan Mətbuat
Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibində yer alıb,
komissiyanın üzvü və sədri kimi fəaliyyət göstərib.

Q.İbrahimli həmçinin Odlar Yurdu Univeristetində iqtisadiyyat və
menencment üzrə pedaqoq olaraq da çalışıb, bilik və bacarığını gənc
nəslə çatdırıb.

Qadir İbrahimli səmimiyyəti, qayğıkeşliyi, dostcanlılığı,
gülərüz siması, pozitiv əhval-ruhiyyəsi ilə onu tanıyan hər kəsin
xatirəsində əbədi yaşayacaqdır. Bir daha mərhumun doğmalarına,
əzizlərinə, dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir,
üzüntülərini və kədərlərini bölüşür, səbr diləyirik.

Allah rəhmət eləsin!”.

Teqlər: