Məşhurlar Ramiz Novruzdan yazdı…

Məşhurlar Ramiz Novruzdan yazdı…

Xəbər verdiyimiz kimi, xalq artisti Ramiz Novruz 67 yaşında uzun sürən mədə xərçəngi xəstəliyindən dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, Azərbaycanın incəsənət xadimləri və ictimai şəxslər sosial şəbəkələrdə aktyorun ölümüylə bağlı başsağlığı yazıb. Onlardan bir neçəsini təqdim edirik:

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı: “Ağır xəbərdir. Ramiz istedadlı aktyor, gözəl insan və səmimi dost idi. Mən Cavad xan filminin çəkilişində onun böyük yaradıcılıq potensialının şahidi olmuşdum. Xatirəsi həmişə yaşayacaq. Allah rəhmət eləsin. Qəbri nurla dolsun”.

Xalq artisti Cahangir Novruzov: “Gözəl insan, istedadlı aktyor, dəyərli sənət dostum Ramiz Novruz. Bu acı xəbərə heç inanmağım gəlmir, inanmaq da istəmirəm. Sənin xəstə olduğunu da bilmirdim. Söyləsəydin də inanmazdım. Hər zaman pəhləvan kimi idin. Səni heç, amma heç unutmaq olmayacaq… Allah sənə min rəhmət eləsin! Səhnəmiz bir az da boşaldı. Sənət ağacımızın yarpaq tökümü davam edir… Nur içində yat, dəyərli sənət dostum”.

Əməkdar artist Sənubər İsgəndərli: “Yeri görünəcək sənətkar, dost… Əziz və doğma Ramiz… Allah rəhmət eləsin!”

Rejissor Səbuhi Məmmədov: “Azərbaycan kinosunun Həzi Aslanovu, ruhun şad olsun Ramiz Novruz! Azdramda işləməyə başlayanda aramızda olan yaş fərqinə baxmayaraq, ilk münasibət qurduğum aktyorlardan biri idi. Teatrın divar qəzetinin müəllifi idi. Özünəməxsus yumoru ilə teatrdaxili fəaliyyət, ümumən hamı və hər şeylə bağlı yazardı. Divar qəzetinin hər yeni buraxılışı teatrda müzakirə mövzusuna çevrilirdi. Qastrollarda bir yerdə çox olurduq. Yol yoldaşlığı da bir ayrı aləm idi… Uşaqla uşaq, böyüklə böyük. “Yoldaş General” deyə müraciət də edirdik. Səmimi, qayğıkeş, diqqətli insan. Uşaqlıq illərimdən xatirimdə belə qaldı…”

Aktyor Rasim Cəfər: “Allah sizə rəhmət eləsin, Ramiz müəllim! Universitetdə müəllimim olub… Lap çoxdan, efirdə ilk filmlərimdən birini verirdilər. Bu sahədə ilk addımlarım idi. Ramiz müəllim filmə baxıb gecə ilə nömrəmi tapıb zəng vurmuşdu. Bir xeyli danışdıq. Gözəl sözlər dedi, uğurlar arzuladı, məsləhətlər verdi. Çox söz demək olar… Ruhun şad olsun, böyük insan!”

Ssenarist Ülviyyə Heydərova: “Xalq artisti Ramiz Novruzu təkcə sənəti ilə deyil, həm də gülüşü, hay-küyü ilə xatırlayacam. İşığın biri də azaldı… Ruhun şad olsun sənətkar!”

Teqlər: