Məşhur yazıçı-alim, Qacarlar nəslinin nümayəndəsi Çingiz Qacar vəfat edib

Xəbər - Vüqar İmanov – Trend:

Azərbaycanlı yazıçı, tarixçi, ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi Çingiz Qacar 92 yaşında vəfat edib.

AzerTimes bu barədə alimin yaxınlarına istinadən məlumat verir.

Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Akademikin ulu babası məşhur Qacarlar nəslinin ziyalı və vətənpərvər nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. Ç.Qacar 1953-cü ildə Leninqrad Politexnik İnstitutunun texniki fizika sahəsində mühəndis – tədqiqatçı fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra Ç.O.Qacar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Ç.Qacar “Qədim və orta əsrlər Azərbaycanının görkəmli oğulları”, “Qacarlar”, “Köhnə Bakı”, “Köhnə Şuşa”, “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kimi kitabların müəllifidir.

O, İkinci Fəxri xiyabanda dəfn olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: