ABŞ-da yaşayan və qarışıq döyüş növündə (MMA) mübarizə aparan azərbaycanlı idmançı Nazim Sadıxov Bakıya gəlir.
AzerTimes xəbər verir ki, bu barədə N.Sadıxov Report-a açıqlamasında deyib.
“İlk dəfədir doğma Vətənimə gedirəm”, – deyən N.Sadıxov böyük sevinc hissi keçirdiyini dilə gətirib: “Uşaqlıqdan idmanla məşğulam. Moskvada doğulub ABŞ-da böyüsəm də, nənəmin Azərbaycan dilində danışdığı nağılları, atamın və anamın xatirələri ilə böyümüşəm. Azərbaycan bayrağı hər zaman evimizin ən gözəl güşəsini bəzəyib. Bütün qələbələrimi Azərbaycan bayrağını başımın üstünə qaldıraraq qeyd etmişəm və bütün uğurlarımı doğma Vətənimə həsr etmişəm. UFC-dəki uğurumdan sonra Azərbaycandan yüzlərlə mesaj və zənglər aldım. Hər kəs mənim qədər sevinclidir və bu, məni çox xöşbəxt edir. İndi atamla Bakıya yola düşürük. Azərbaycana qovuşduğum üçün sevincimin həddi-hüdudu yoxdur”.
N.Sadıxov Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşəcək.
Qeyd edək ki, N.Sadıxov avqustun 16-da “Dana White’s Contender Series 50” yarışında əfqanıstanlı döyüşcü Əhməd Həsənzadəyə qalib gəldikdən sonra UFC ilə müqavilə imzalayıb.