Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işləri üçün 25 milyon manat ayrılıb – Sərəncam

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində
abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə
əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

Mərkəzi Nəbatat Bağı mühüm təbiət abidəsi kimi, ekoloji
təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün
təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından
əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim
zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin
mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi
tədqiqatların davamlı inkişafına xidmət edir.

Sərəncamda qeyd edilir ki, Mərkəzi Nəbatat Bağında abadlıq,
yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat
ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni
təmin edəcək.

Teqlər: