Mərkəzi Gömrük Hospitalının həkimi “Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda Beynəlxalq Elmi Konqresdə iştirakın əhəmiyyətindən danışıb

5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük
Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals
PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə
5 may Beynəlxalq mama gününə həsr edilmiş “Hamiləlikdə
genital və ekstragenital xəstəliklər”
mövzusunda
Beynəlxalq Elmi Konqres keçiriləcək. Mərkəzi Gömrük Hospitalının
mama-ginekoloqu, t.ü.f.d., Sədi Allahverdiyev konqreslə bağlı
suallarımızı cavablandırıb.

  • Dr.Sədi Allahverdiyev, ilk öncə konqres barədə qısa
    məlumat verərdiniz.
  • 5 may 2022-ci il tarixində hibrid formatda həyata keçiriləcək
    “Hamiləlikdə genital və ekstragenital
    xəstəliklər”
    mövzusunda Beynəlxalq Elmi Konqresdə
    Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı
    mütəxəssislərin iştirakı ilə mama-ginekologiya səhəsi üzrə
    ümumilikdə 16 təqdimat ediləcək. Həmçinin, çıxışlar zamanı tibbin
    ən son yenilikləri, müasir müalicə və cərrahiyyə metodlarından
    danşılacaq, geniş müzakirələr aparılacaq. Konqresin elmi hissəsi
    Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən canlı
    yayımlanmayacaq. Bu səbəbdən ölkəmizdə mama-ginekologiya sahəsi
    üzrə çalışan həkimləri, rezidentləri, elmiş işçiləri və
    mütəxəssisləri bu konqresdə iştirak etməyə dəvət edirəm.
  • Sədi həkim, konqresdə iştirak etmək üçün qaydalar
    necədir?

Qeyd edim ki, Konqres əyani olaraq Baku Marriott Boulevard
otelində, distant olaraq isə ZOOM platformasında həyata
keçiriləcək. Konqresdə iştirak ödənişlidir. Belə ki, əyani iştirak
edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100 AZN, əyani iştirak
edəcək rezidentlər üçün 50 AZN təşkil edir. Distant iştirak haqqı
isə 20 AZN-dir. Qiymətə saat 09.00-dan 18.00-a qədər konqresdə
iştirak, o cümlədən iki dəfə çay fasiləsi və nahar yeməyi daxildir.
Konqresin sonunda proqramın 80 faizini tamamlayan hər bir
iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.

  • Sədi həkim, siz konqresdə hansı mövzuda çıxış
    edəcəksiniz?
  • Mən Beynəlxalq Elmi Konqresin “Hamiləlikdə infeksiyalar və
    cərrahi patologiyalar” panelində “Hamiləlik zamanı aşkar edilən
    ginekoloji-onkoloji xəstəliklərə yanaşma” mövzusunda təqdimatla
    çıxış edəcəm. Çıxışımda hamiləlik zamanı aşkar edilən
    ginekoloji-onkoloji xəstəliklərin müayinəsi, müalicəsi və
    cərrahiyyəsi ilə bağlı son yeniliklər barədə ətraflı məlumat
    verəcəm və iştirakçıların bu mövzu ilə bağlı bütün suallarını
    cavablandıracam. Bu nöqteyi nəzərdən mama-ginekoloq, kardioloq,
    endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist, hematoloq,
    psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq, pediatr və
    neonatoloq ixtisasına malik həkimləri konqresdə iştirak etməyə
    dəvət edirəm.
  • “Hamiləlikdə genital və ekstragenital xəstəliklər”
    mövzusunda Beynəlxalq Elmi konqresin keçirilməsi hansı zərurətdən
    doğdu?
  • Tibbin müxtəlif sahələrini birləşdirən multidisiplinar
    konqreslərin keçirilməsi hər zaman mütəxəssislərin diqqət və
    marağına səbəb olur. Hamiləlik nəticələri, sağlam ana, sağlam nəsil
    dünyaya gətirmək isə bütün dünyada dövlətlərin səhiyyə
    sistemlərinin bir aynasıdır. Xanımların daha gec yaşlarda hamiləlik
    istəklərinin yaranması, köməkçi reproduktiv texnologiyaların
    imkanlarının artması günümüzdə həm genital, həm də ekstragenital
    xəstəlikləri olan hamilə qadınların sayını artırır. Bu da öz
    növbəsində mama-ginekoloqların hamiləliklə bağlı olan
    patologiyalardan başqa, digər xəstəliklərdən də yetərli
    anlayışlarının olmasını tələb edir. Bir konqres çərçivəsində
    mama-ginekoloqlarla bir tribunadan, eyni zamanda kardioloqların,
    endokrinoloqların, infeksionistlərin, ümumi cərrahların, damar
    cərrahlarının, kardiocərrahların çıxışı bir daha sübut edir ki,
    tədbir nə qədər rəngarəng və disskusiyalarla bol olacaq. Həmçinin,
    Azərbaycan, Türkiyə və Böyük Britaniyadan ünlü mütəxəssisləri bir
    araya toplayan bu konqresdə patoloji hamiləliklərdə antenatal
    xidmətin təşkili ilə bağlı xarici ölkə təcrübələrinin
    paylaşılmasının tədbirin iştirakçılarında böyük maraq yaradacağına
    əminəm.
  • Bu konqresdə rezidentlərin iştirakı nə üçün
    vacibdir?
  • Rezidentura tibbdə təhsil pilləsinin ən əsas dövrlərindən
    biridir. Düzdür, tibb dayanmadan təhsil almağı tələb edən bir
    sahədir, amma mütəxəssis olmağa can atan gənc kadrların hər
    fürsətdən yararlanması vacibdir. Multidisiplinar konqreslər isə
    kliniki düşüncəni, akademik yanaşmanı aşılayan və teoritik
    biliklərlə yanaşı praktik vərdişlərin vəhdətini yaratmağa kömək
    edən mühüm açarlardan biridir. Həm məruzəçilərin çıxışlarından
    sonra müzakirə bölümündə, həm də kofe fasilələri zamanı çoxillik
    təcrübələri olan mütəxəssislər ilə müzakirələrin edilməsi hər bir
    rezidentin yaddaşında pozitiv bir iz qoyacağına əminəm.
Teqlər: