Ramazan ayında qidalanma digər aylardan fərqlidir, belə ki,
gündəlik normada 3-4 dəfə qidalandıığımız halda, bu ay gündə 2 dəfə
qida qəbul edirik. Ona görə də, 17 saata qədər olan fasilədə qida
qəbul etdiyimiz üçün enerjini daha az alırıq və bədənimizdə olan su
balansının miqdarı da azalır. Maddələr mübadiləsi zəifləyir,
insulinin miqdarı isə artır. Oruc tutan vaxt baş agrısı, halsızlıq,
köp, həzm sistemi və böyrək problemləri əmələ gələ bilər. Odur ki,
bu müqəddəs ayda düzgün qidalanmaq üçün bəzi qaydalara riayət etmək
lazımdır.
Gündəlik qidalanmadan fərqli olaraq, özümüz üçün menyu tərtib
etməli, lazımi qidaları bu menyuya daxil etməliyik. Hər şeydən
əvvəl, iftarla imsak arasında orqanizmdə mayenin balansını nəzarətə
almalı və tənzimləməliyik. Bu zaman 2-2,5 litr maye qəbul
edilməlidir, belə olmazsa, bədəndə maye balansı pozulur, qan
təzyiqi düşür, mədədə ağrılar olur, həzm sistemində problemlər
meydana çıxır. Su ilə bərabər ayran, təzə sıxılmış meyvə-tərəvəz
suları, mineral sular, bitki çaylarından da istifadə etmək olar.
Bəzi insanlar imsakda səhv olaraq yalnız bir qədər su içməklə
kifayətlənir, qida qəbul etmirlər. Bu, tamamilə səhvdir və müxtəlif
fəsadlara yol aça bilər.
İftar və imsakda qızartma, qovurma, kolbasa, sosiska, çox yağlı
və ədviyyatlı, duzlu yeməklərdən uzaq durmalıyıq. Bunlar daha çox
susuzluğa səbəb olduğu üçün oruc tutmağı çətinləşdirir. İftarda həm
yüksək enerji verən, həm də qan şəkərini sürətli şəkildə yüksəldən
qidalar olan ağ çörək, plov, qızardılmış kartof kimi yeməklərin
əvəzinə bulqur plovu, kəpəkli çörək kimi qidalara üstünlük verilir.
İftarda həddən çox şərbətli, yağlı şirniyyatlar yerinə südlü və ya
meyvəli şirniyyatlara həftədə 1-2 dəfə qəbul etmək şərtilə üstünlük
verilir. Yeməkləri yavaş-yavaş yemək və yaxşı çeynəmək lazımdır.
Yeməklərin bişirilmə qaydaları da önəmlidir. Soyutma, qaynadılmış,
sobada qızardılma qaydaları ilə hazırlanan yeməklərə önəm
verilir.
Ramazan ayında qan şəkərini sürətlə artıran un məmulatlarından
da uzaq durmaq tövsiyə olunur. İftar və imsakda bulka, düşbərə,
qutab, əriştə, xəngəl və s. yeməklərdən istifadə etməyin. Belə ki,
bu qidalar köp əmələ gətirir, gec həzm olunur, qanda şəkəri
yüksəldir və digər problemlərə yol açır. İftarda və imsakda omega
3-lə zəngin qozdan, badamdan da istifadə edin.
Allah oruc və dualarınızı qəbul etsin!