Mərkəzi Gömrük Hospitalının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl təbriki

2021-ci il bir çox əlamətdar hadisələrlə tarixdə qaldı. Azərbaycan Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin ilk ilini böyük sevinclə yaşadı. 2021-ci il bütün dünyada olduğu kimi, ölkəmizdə də COVİD-19 infeksiyasının yayılması ilə müşayiət olundu. Lakin vaksinasiyanın lazımi səviyyədə həyata keçirilməsi ilə yoluxmaların və ölüm hallarının azalmasına nail ola bildik. Qabaqlayıcı tədbirlər həyata keçirildikdən sonra bu infeksiya bir qədər səngidi. Təhlükəli və gözəgörünməz düşmənlə mübarizə bu gün də davam edir.

2021-ci il Azərbaycan xalqı üçün tarixə düşən, onu dəyişdirən mühüm hadisələrlə də əlamətdar oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Nizami ili» elan olunmuş 2021-ci ilin may ayında doğma Qarabağımızda, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı ilə də yadda qaldı. Şuşa işğaldan azad edildikdən sonra – 30 ildən artıq müddət ərzində keçirilməyən Vaqif Poeziya günləri ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Vaqifin məqbərəsi tam bərpa edildi. Füzuli Beynəlxalq Hava Limanının açılışını qeyd etdik. İndi Azərbaycanda nə qaçqın, nə məcburi köçkün adını daşıyan insanlar var. Əvəzində işğaldan azad olunmuş ərazilərimiz var!


Böyük qayıdışa start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun, dost ölkələrin qabaqcıl şirkətləri cəlb olunmaqla həyata keçirilir. Əminik ki, dağıdılmış şəhərlər tezliklə abadlaşacaq, kəndlər canlanacaq. İşğaldan azad edilmiş bu torpaqların əsl sahibləri doğma yurd-yuvalarına qayıdıb yeni həyat quracaqlar.
Planetimiz 2021-ci ilin son saatlarını yaşayır. 2022-ci ili qarşılamağa saylı saatlar qalıb. Qoy bu yeni – 2022-ci il hamımıza düşərli olsun. Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirik. Yeni ildə hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və firavan həyat arzulayırıq!

Teqlər: