Mərkəzi Bankla Türkiyə PA yanında Maliyyə Ofisi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) ölkədə
rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, habelə
innovativ maliyyə texnologiyalarından istifadə edərək bank
xidmətlərinin, sığorta sektorunun və kapital bazarlarının
rəqəmsallaşdırılması üzrə geniş miqyaslı strateji layihələrin
icrasını davam etdirməkdədir. Bu xüsusda dünyada baş verən
rəqəmsallaşma trendləri davamlı olaraq izlənilir, beynəlxalq
qurumlarla və digər ölkələrin tənzimləyici orqanları ilə əməkdaşlıq
edilir.

Mərkəzi Bankdan AzerTimes-a verilən məlumata görə, bu çərçivədə
Mərkəzi Bank ilə Türkiyə Respublikası Prezidenti
Administrasiyasının (PA) yanında Maliyyə Ofisi (Türkiyə Maliyyə
Ofisi) arasında sıx əməkdaşlıq əlaqələri yaradılıb. Bu əməkdaşlığın
genişləndirilməsi və gələcək istiqamətlərin müzakirə edilməsi
məqsədilə 31 mart 2022-ci il tarixində Mərkəzi Bankın sədri Elman
Rüstəmov ilə Türkiyə Maliyyə Ofisinin sədri Göksel Aşan arasında
görüş keçirilib. Görüşdə iki qardaş ölkənin maliyyə sektorları
arasında mövcud olan intensiv əməkdaşlıq əlaqələri yüksək
qiymətləndirilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə
edilib.

Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət
nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, əldə
olunmuş sürətli sosial-iqtisadi inkişaf sayəsində Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun və beynəlxalq əməkdaşlıq üçün
cəlbediciliyinin daim artdığını qeyd edən E. Rüstəmov eyni zamanda
Azərbaycan və Türkiyə arasında uzunmüddətli sıx əməkdaşlığı
vurğulayaraq hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi
bankları, sığorta sektoru və kapital bazarları arasında uğurlu
əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verdi.

G.Aşan isə öz növbəsində son illərdə Azərbaycan Hökuməti
tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl
sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz
resurslarından asılılığın azaldılması və iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirilməsini
qeyd edərək Türkiyənin qardaş Azərbaycanla əməkdaşlıq əlaqələrini
yüksək qiymətləndirdi.

Görüşdə hər iki tərəf vurğuladı ki, bu gün imzalanacaq
Memorandum əməkdaşlığın daha dərinləşməsinə yeni əhəmiyyətli töhfə
verəcəkdir. Görüşün sonunda Mərkəzi Bank və Türkiyə Maliyyə Ofisi
arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalandı. Qeyd olundu ki, Memorandumun məqsədi maliyyə
texnologiyaları ekosisteminin genişləndirilməsi, açıq bankçılıq
yanaşmasının tətbiqi, sığorta sektorunun və kapital bazarlarının
rəqəmsal transformasiyası, həmçinin maliyyə bazarlarında innovativ
maliyyə texnologiyalarının tətbiqini dəstəkləyən qanunvericilik
bazasının formalaşdırılması və kadr potensialının artırılması üzrə
əməkdaşlıq çərçivəsinin yaradılmasıdır.

İmzalanmış Memorandum iki qardaş ölkənin bütün sahələrdə olduğu
kimi, maliyyə texnologiyaları ekosisteminin formalaşdırılması və
bununla maliyyə sektorunda rəqabətli, innovativ və əlçatan rəqəmsal
maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində də
əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Teqlər: