Mərkəzi Bank Azərbaycanda inflyasiya üzrə yenilənmiş proqnozlarını açıqlayıb

Yenilənmiş proqnozlara görə, 2021-ci ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Baza proqnozuna görə, inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

“İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə inflyasiya təzyiqlərinin artması davam edib. Rəsmi statistikaya görə noyabrda aylıq inflyasiya 1,5 faiz, 12 aylıq inflyasiya isə 11,1 faiz təşkil edib. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2 faiz, orta illik baza inflyasiya isə 3,9 faiz təşkil edib. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir”, – bankın məlumatında deyilir.

Həmçinin, qeyd olunur ki, noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1,9 faiz yüksəlib, illik ərzaq inflyasiyası 14,9 faiz təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7,4 faiz olub.

Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0,5 faiz, son 1 ildə 7,1 faiz yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4,8 faiz olub.

Xidmətlər noyabrda 1,6 faiz, son 1 ildə 9,1 faiz bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5,4 faiz təşkil edib.

Teqlər: