Mənzil İstismar Sahələrinin yerinə alternativ qurum yaradıla bilər – Ekspertdən AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov -Trend:

Mənzil təsərrüfatı islahatı ilə bağlı məsələlərdə nəzərdə tutulan işlərdən biri də Mənzil İstismar Sahələrinin (MİS) ləğvidir.

Belə ki, icra hakimiyyətlərinə tabe olan Mənzil İstismar Sahələri 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasına əsasən ləğv olunacaq.

Sovetlər dönəmindən binaların idarəetməsini MİS-lər həyata keçirib. Növbəti ildən isə bu qurumların mənzil idarəçiliyindən uzaqlaşdırılması nəzərdə tutulur.

Bu barədə Trend-ə açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev deyib ki, zaman keçdikcə müəyyən səlahiyyətlər MİS-lərin əlindən alındı. Onların göstərdikləri xidmətlərin həm çeşidi, həm də kadr potensialı kəskin azalıb. Bu təşkilatların funksiyası mənzil fondunun qorunmasını və ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət etmək idi. Hazırda MİS-lərin gördüyü işlər əsasən ərazinin təmizliyi, binaların təmiri və vətəndaşların qeydiyyatı prosesidir. Bu gün Azərbaycanda binaların idarəetməsinə MİS-lərlə yanaşı, bələdiyyələr və yeni binalarda komendantlar baxır. Bu qurumlar oxşar işləri görürlər. MİS-lər ləğv ediləcəksə, onların yerinə ya alternativ qurum yardılacaq, ya da səlahiyyəti başqa qurumlara veriləcək.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, yeni strategiyada ümumiyyətlə mənzil təsərrüfatının islahatı ilə bağlı məsələlər nəzərdə tutulur. MİS-lərin səlahiyyətində olan məsələlələr də oraya daxildir. Bunlar addım-addım icra olunacaq. Hazırda strategiya hökumətin müzakirəsindədir.

Teqlər: