“Mənim sədaqətim, mənim şərəfimdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23-cü ildönümü
ərəfəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Mənim
sədaqətim, mənim şərəfimdir” devizi altında vətənpərvərlik tədbiri
keçirilib.

Trend Müdafiə
Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin və Xüsusi
Təyinatlı Qüvvələrin komandanlığı rəsmilərinin, respublikamızın
ayrı-ayrı bölgələrindən dəvət edilən şəhid xüsusi təyinatlıların
valideynlərinin, şəhid və qazi ailələri üzvlərinin, eləcə də
ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir başlanmazdan
öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın
ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad
edilməsi uğrunda döyüşlərdə şəhadətləri ilə tarix yazan, adları
tarixə yazılan unudulmaz Vətən övladlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa
olunub.

Vətən müharibəsi iştirakçısı zabit Nizami Qürbətli Xüsusi
Təyinatlı Qüvvələrin yaranma tarixi və 23 il ərzində keçdiyi şanlı
döyüş yolu barədə məlumat verərək bildirib ki, Xüsusi Təyinatlı
Qüvvələrin ilk hərbi hissəsi ulu öndər Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə 30 aprel 1999-cu ildə yaradılıb. Birinci Qarabağ
müharibəsinin iştirakçıları olmuş zabit və gizirlər qüvvələrin
formalaşmasında fəal iştirak ediblər. Respublika ərazisində və
ölkəmizin hüdudlarından kənarda, xüsusilə qardaş Türkiyədə
keçirilən bir sıra genişmiqyaslı taktiki birgə təlimlərdə iştirak
edən xüsusi təyinatlılarımız daha da güclənib, mübariz, çevik
mütəşəkkil hərbi qüvvəyə çevrilib. Onlar 2016-cı ilin Aprel
döyüşləri zamanı, o cümlədən Vətən müharibəsində xalqımızın şanlı
döyüş salnaməsinə daha parlaq qəhrəmanlıq səhifələri yazıblar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev 8 noyabr 2020-ci ildə Xüsusi Təyinatlı
Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevi Şuşanın
azad olunması münasibətilə təbrik edərək onlara xidmətlərində daha
böyük uğurlar qazanmağı arzulayıb.

Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandanın Xüsusi
Təyinatlı Qüvvələr haqqında söylədiyi fikirləri alqışlarla
qarşılayıblar:

“Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri işğal olunmuş
ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə
Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol
oynadılar.

Bizim Xüsusi Təyinatlı Qüvvələr fədakarcasına döyüşdülər, bir
çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də
fədakarlıq nümayiş etdirdilər. Mən dəfələrlə Xüsusi Təyinatlı
Qüvvələrin şəxsi heyəti ilə görüşmüşdüm və əmin idim ki, ən
mürəkkəb döyüş tapşırıqlarını icra etmək iqtidarında olan döyüş
qabiliyyətli hissələr yaratmışıq.

Ərazinin relyefi bizim üçün əlverişli deyildi. Biz demək olar
ki, dağlara dırmaşmalı olurduq. Ermənistan tərəfi yüksəkliklərdə
bütün əsas mövqeləri tutaraq möhkəmləndirilmiş bir neçə müdafiə
xətti yaratmışdılar. Dağ relyefinin özü də bir müdafiə xəttidir,
həm də çox mürəkkəb bir müdafiə xətti. Bu səbəbdən Xüsusi Təyinatlı
Qüvvələr peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu
möcüzələr nümayiş etdirməli oldular. Ümumilikdə, Xüsusi Təyinatlı
Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm”.

Şəhid xüsusi təyinatlıların ailə üzvləri adından çıxış edən
“Azərbaycan Bayrağı” ordenli kapitan Ruslan Qəhrəmanovun atası,
Birinci Qarabağ müharibəsi qazisi ehtiyatda olan gizir Mehman
Qəhrəmanov göstərilən diqqət və qayğıya görə Azərbaycan
Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və Xüsusi Təyinatlı
Qüvvələr komandanlığına minnətdarlıq edərək deyib:

“Biz şəhid valideynləri də çox istərdik ki, övladlarımız
müharibədən sağ-salamat qayıtsınlar. Onlar da Azadlıq meydanında
keçirilən möhtəşəm Zəfər paradında iştirak etsinlər, ailələrinin
yanında olsunlar. İstərdik ki, düşmən çəpəri olan oğullarımız bu
müqəddəs Ramazan günündə bizimlə bir yerdə şadlansınlar,
sevinsinlər. Ancaq biz deyən olmadı. Bu da bir tale yazısı imiş.
Təki Vətən sağ olsun, bayrağımız daha uca zirvələrdə
dalğalansın!

Biz şəhid valideynlərinin təsəllisi ondadır ki, övladlarımızın
qanı yerdə qalmadı, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi
altında onların intiqamı döyüş meydanında alındı. Fəxr edirik ki,
bu gün də “dəmir yumruq yerindədir” və Azərbaycan xalqı, Azərbaycan
Ordusu Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an
hazırdır”.

Ehtiyatda olan kapitan Samir Məmmədov xüsusi təyinatlı qazilər
adından çıxış edərək Vətən müharibəsində ağır yaralansa da,
respublikamızın ərazi bütövlüyünün bərpası məqsədilə aparılan döyüş
əməliyyatlarında iştirakından, xalqımıza qələbə sevincini bəxş edən
igidlərin sırasında olmasından qürur duyduğunu və bununla fəxr
etdiyini vurğulayaraq uca səslə “Mənim sədaqətim mənim şərəfimdir!”
deyib.

Vətən müharibəsi iştirakçılarından baş leytenant Turqay
Məhərrəmov və gizir Süleyman Məhərrəmov tədbir iştirakçılarını əmin
ediblər ki, bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət
edəcək, Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov, Mühüd
Orucov və digər xüsusi təyinatlıların qəhrəmanlıq ənənələrini
şərəflə davam etdirəcəklər.

Xüsusi Təyinatlı Qüvvələr şəhidlərinin xatirəsinə və hərbi
hissələrin fəaliyyətinə həsr olunan videoçarx tamaşaçıların böyük
marağına səbəb olub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik
Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan
“Vətənim-Bayrağım-Şərəfim” adlı ədəbi-bədii kompozisiya tədbir
iştirakçılarına qürurverici və duyğulu anlar yaşadıb.

Əvvəlcə Şuşaya sancılan Zəfər bayrağımız səhnəyə gətirilib.
Tədbir iştirakçıları bu anı ayaqüstə alqışlarla qarşılayıb.
Xalq artistləri Mübariz Tağıyev, Gülyaz Məmmədova, Əməkdar
artistlər Nuriyyə Hüseynova, Səmayə Sadıxova və Həzi Aslanov adına
Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında
səslənən vətənpərvərlik nəğmələri və ssenari müəllifinin qalib
Vətən əsgərinə, möhtəşəm Zəfərə həsr etdiyi şeirlər şəhidlərin
xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də salonda qələbə
ovqatı yaradıb.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zaur Zeynalov Xüsusi
Təyinatlı Qüvvələr komandanlığı adından şəhid valideynləri, qazilər
və onların övladlarını hərbi hissənin yaranmasının 23-cü ildönümü
və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Hər bir şəhid ailəsinə, qaziyə, tədbirin təşkilatçılarına,
incəsənət xadimlərinə, həmçinin arxa cəbhədə ordumuza həmişə dayaq
olan bir qrup ictimaiyyət nümayəndəsinə xüsusi olaraq hazırlanmış
stolüstü medallar, xatirə hədiyyələri təqdim olunub.

Tədbir Xalq artisti Mübariz Tağıyevin və bütün iştirakçıların
birlikdə ifa etdikləri “Mübariz Sərkərdə” (musiqisi Xalq artisti
Eldar Mansurovun, sözləri Əməkdar incəsənət xadimi Abdulla
Qurbaninindir) mahnısı ilə başa çatıb.

Teqlər: