“Mənim atam qəhrəmandır” klipi nümayiş olundu – Foto

“Mənim atam qəhrəmandır” klipi nümayiş olundu – Foto

Şəhid ailələrini “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” çətiri altında birləşdirən “Fire Land Production”un komandası müğənni Zamiq Hüseynovun və şəhid övladlarının iştirak etdiyi “Mənim atam qəhrəmandır” klipinin təqdimatını keçirib.

AzerTimes xəbər verir ki, təqdimat mərasimində iştirak edən xalq şairi Ramiz Rövşən deyib:

“Düşünürəm ki, qəhrəmanların övladları da qəhrəman olurlar. Tədbirimizdə yalnız şəhid anası deməzdim, analar anası Səmayə Həşimova da iştirak edir. Bu qələbənin birinci carçısı, xəbərçisi şübhəsiz ki, Polad Həşimovdur. Bu günlərdə Laçında, Şuşada tikilən evləri gördünüz. Qəribədir ki, 30 il o torpaqlarda daş belə qoymayıblar, hər şey dağıdılıb. Heç nə tikilməyib, xarabalığa çeviriblər.

Hətta Ermənistanda Zəngəzur mahalında (Sisyan rayonu), azərbaycanlıların yaşadığı Şəki kəndində evləri uçurulub, xarabalığa çeviriblər. Kosmosdan çəkilib, həmin evlər o şəkildə də qalır. Deməli, o evlərin yanında abad evlərdə yaşayan nə qədər erməni var. O ermənilər o xarabalığın yanından keçirlər, uşaqlar dərsə gedirlər, toy mərasimləri keçirirlər. Xarabağlığı sevmək bayquş xislətidir. Bunun başqa izahı yoxdur. Qurmaq, yaratmaq insanın işidir”.

Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı çıxışında layihənin əhəmiyyətindən söz açıb:

“Bu gün hamınızı böyük qürur hissi ilə salamlayıram. Çox möhtəşəm və böyük işlər görülür. İnanın ki, hər dəfə mediadan Cəlal Qurbanovun xidmətləri ilə tanış olanda o qədər böyük qürur hissi keçirirəm. Çünki bu iş müqəddəs və qürurverici olmaqla yanaşı çətindir.

Bizim şəhid əmanətləri olan bu körpələrin kədərli gözlərinə baxmaq, onlarla işləmək,

onların problemləri ilə məşğul olmaq və sonra həyata rahat davam etmək çox çətindir. Mən Cəlal Qurbanova, əziz qardaşıma, dostuma bu ağır və çətin işdə dözüm və uğurlar arzulayıram. Çünki siz bu işləri hamımızın əvəzindən çox yüksək səviyyədə həyata keçirirsiniz.

Xanım İsmayılqızının sözlərinə yazılan və sizin musiqinizə bəstələnən “Mənim atam qəhrəmandır” adlı əsər o qədər gözəl əsər alınıb ki, inanıram dövlət tədbirlərimizdə və el şənliklərimizdə ifa olunacaq. Gələcəkdə bu klip hər birimiz üçün bir işıq və ocaq kimi ürəyimizdə yanacaq.

Tədbirdə iştirak edən Səmayə anamızı da salamlayıram. Düşünürəm ki, onun ağbirçək kimi layihələrinizdə iştirakı sizin üçün böyük bir duadır. İşlərinizin davam etməsi üçün böyük bir stimuldur. Uşaqlarımıza, şəhidlərimizin əmanətlərinə böyük uğurlar arzu edirəm. Onlara xoşbəxtlik arzu edirəm.

Tədbirin əvvəlində onlara sual verildi ki, “siz böyüyəndə kim olacaqsınız?” Düşünürəm ki, onlar hansı sənəti seçirlərsə seçsinlər, ilk növbədə xoşbəxt olsunlar. Çünki onlar həyatda ən qiymətli olan, heç nə ilə əvəz olunmayan atalarından uzaqdadırlar. Eyni zamanda istəyirəm onlar bilsinlər ki, ataları ən yaxınındadırlar. Onların ataları burdadır və onların ruhu çox şaddır”.

Layihənin rəhbəri Cəlal Qurbanov isə bildirib ki, bu işdə tək deyil: “Mən bu layihədə tək deyiləm, rəhbər də deyiləm, könüllüyəm. Necə ki, bu layihədə iştirak edən 26 şəhid xanımı layihənin könüllüləridir. Bu birlik layihəsidir.

Layihəyə Alim Qasımov ilə birlikdə başlamışıq. Müdafiə Nazirliyinin dəstəyi ilə 150 şəhid ailəsini gəmi ilə gəzintiyə çıxarmışdıq. Bizim üçün də, şəhidlərimiz üçün də vətən anadır. Onlar da analarını qorumağa getdilər. Mənim əziz qardaşlarımın balaları, bilin ki, vətən, millət, dövlət sizi çox sevir və yanınızdadırlar. Bu layihədə 2300 şəhid ailəsi iştirak edib.

Söz vermişik ki, regiommlarımız da daxil olmaqla 3000 şəhid ailəsini əhatə edəcəyik. Bilirsiniz ki, “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” adlı iki layihəmiz var.

“Mənim oğlum qəhrəmandır” layihəsində şəhid anaları, “Mənim atam qəhrəmandır” layihəsində isə şəhid əmanətləri, şəhid övladları, şəhid xanımları iştirak edirlər. Hər zaman da Səmayə ana şəhid ailələrimizin yanındadır. Bu gün 28 şəhid balasının doğum gününü qeyd etdik. Mən Daxili işlər nazir Vilayət Eyvazova təşəkkür edirəm. Layihənin ilk günündən bizim yanımızda olan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova təşəkkür edirəm. O, daim şəhid övladlarının yanındadır.

Səmayə ana başda olmaqla 150-ə yaxın şəhid ailələri ilə bərabər Şuşaya getdik. Yenə deyirəm ki, şəhid ailələrinin heç bir qayğıya ehtiyacı yoxdur. Çünki dövlət, cənab prezidentin himayəsindədirlər. Mən bir çox şəhid ailələrində oluram, hər biri öz təşəkkürünü bildirir. Onların nəyə ehtiyacı var? Sevgiyə, onların xoş günlərində yanlarında olmağa”.

Əməkdar artist Nailə İslamzadə isə deyib ki, analar anası Səmayə Həşimova başda olmaqla bütün şəhid anaları baş tacıdır: “Onların və şəhid balalarının yanında olmaq, onların başını sığallamaq, mənə elə gəlir, bizim üçün ən şəfərli işdir. Çünki onlar bizim üçün şərəfli iz qoyublar, Allahın dərgahından bizə baxırlar və bizim də onların yanında üzümüz ağ olur. Qəhrəman oğulları qəhrəman analar yetişdirir”.

Müğənni Zamiq Hüseynov layihə haqqında məlumat verib: “Dəvət Cəlal Qurbanov tərəfindən gəldi. Bu, çox böyük bir məsuliyyət və qürurverici təklif və hiss idi. Mahnı çox xoşuma gəldi. Şəhid övladları bu mahnıda ürəklə iştirak və ifa etdilər. Bu mahnını bütün şəhidlərimizə həsr elədik. Şəhidlərimizin övladları bu musiqini atalarına həsr etdilər. Belə bir layihədə yer almaq böyük bir sevinc və qürurverici hissdir”.

Qeyd edək ki, tədbirdə şəhid əmanətləri ilə yanaşı ictimai şəxslər, deputatlar, xalq aristləri Nəzakət Teymurova, Alim Qasımov, Təranə Muradova, əməkdar artistlər Gülüstan Əliyeva, Akif İslamzadə, xanəndə Mirələm Mirələmov, müğənnilər Elnur Hüseynov, Çinarə Məlikzadə və bir çox qonaqlar iştirak ediblər.

Teqlər: