Mən vəkiləm, terrorçu deyiləm – Mənimsəmədə təqsirləndirilən qadın

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində ona verilən ittihamın əsassız olduğunu deyib.

“İttihamlar yalandır. Mən vəkiləm, terrorçu deyiləm. Bir neçə ölkədə Vəkillər Kollegiyasını təmsil etmişəm. Hazırda mənim vəkillik fəaliyyətimə qara xətt çəkilib. İstintaq bu işə formal yanaşıb. İstintaq zamanı bir dənə də vəsatətim təmin olunmayıb. Baş Prokurorluğa da müraciət etmişəm. Mənim məqsədim işin ədalətli aparılmasıdır. Mən mənimsəməmişəm heç nəyi. Necə ola bilər ki, mən özüm özümdən oğurluq edəm? Bir daha deyirəm, mən bu işi etməmişəm. Ədalətə inanıram”.


Proses yanvarın 10-da davam etdiriləcək.

İttihama görə, Sümbülə Məhəmmədəli Əliyeva qızı külli miqdarda mənimsəmədə təqsirləndirilir.
S. Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial siğortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə ödəməyərək mənimsəyib.
Zərərin 100 min manatdan çox olduğu bildirilir.
S. Əliyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
İş üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Teqlər: