Məlik Məlikovun ev məsələsinə YAŞAT-dan cavab

Məlik Məlikovun ev məsələsinə YAŞAT-dan cavab

YAŞAT Fondu yalnız Azərbaycan Respublikasının müdafiəsi uğrunda əlilliyi müəyyən olunanların siyahısında adı yer alan şəxslərə yardım edir. Məlik Nəhmət oğlu Məlikovun adı isə həmin siyahısında yoxdur.

Bu barədə AzerTimes-a qazi Məlik Məlikovun ev problem ilə bağlı açıqlamasında YAŞAT Fondundan bildirilib.

“YAŞAT Fondunun subyektləri şəhid ailələri və müharibə əlilləri olduğundan vətəndaş Fonda əlilliyini təsdiq edən sənədi təqdim etməklə, yashat.gov.az rəsmi internet səhifəsindən və ya Fondun 8110 Çağrı Mərkəzi vasitəsilə yardım istəyə bilər”, – deyə qeyd edilib.

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov isə bildirib ki, Məlik Məlikov qazi yox, müharibə veteranıdır:

“Şəhidlərimizin ailə üzvləri və müharibə əlillərimiz mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər. Sosial şəbəkələrdə haqqında məlumat yayılan Vətən müharibəsi iştirakçısı Məlik Məlikov qeyd olunan kateqoriyaya aid olmadığından, yəni müharibə əlili deyil, müharibə veteranı olduğu üçün onun mənzil, yaxud fərdi evlə təminatı Agentliyin səhahiyyətləri xaricindədir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Məlik Məlikov müharibə veteranı olduğu üçün nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilir”.

Qeyd edək ki, ötən gün Vətən müharibəsi iştirakçısı Məlik Nehmət oğlu Məlikovun Astara rayonu Səlivə kəndində yaşadığı şəraitsiz ev sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Teqlər: