Məktəblini döyən müavin hansı maddə ilə ittiham olunur?

Məktəblini döyən müavin hansı maddə ilə ittiham olunur?

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı (Əliyeva) və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktını təsdiqləyib və cinayət işi açıb.

AzerTimes xəbər verir ki, icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əsgərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar da göndərilib. Artıq bu təqdimatlardan birinə qiymət verilib – Lənkəran rayon icra başçısı Taleh Qaraşov müavini Raisə Arifqızını vəzifəsindən azad edib.

Faktla bağlı Lənkəran Prokurorluğu CM-nin 309.1-ci maddəsi ilə cinayət işini davam etdirir.

CM-nin 309-cu maddəsi “Vəzifə səlahiyyətlərini aşma”dır. 309-.1-ci maddəyə əsasən, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda —

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, 309.-cu maddənin birinci bəndi “vəzifə səlahiyyətini aşma”dır ki, bununla da ən azı pul cəriməsi, ən çoxu isə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Ancaq istintaq yeni başlayıb və burda zərərçəkənə qarşı fiziki təzyiq, onun vəhşicəsinə döyülməsinə görə ittiham irəli sürülməyib.

Prokurorluq elan edib ki, “istintaq zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Buna görə də burda CM-nin 309-cu maddəsinin 2-ci bəndi də tətbiq edilə bilər.

CM-in 309.2-ci maddəsində göstərilir:

309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hərtərəfli araşdırma zamanı fiziki təzyiq və zərərçəkənə yetirilən xəsarətlə bağlı CM-nin digər maddələrinin də tətbiqi mümkündür.

Bu baxımdan R.Arifqızının həbs ehtimalı çox yüksəkdir.

Teqlər: