Məktəblilərimiz medallarının sayını artırmaqda israrlıdırlar!

Azercell-in dəstəklədiyi şagirdlərin beynəlxalq
bilik yarışmasında növbəti uğuru

Texnoloji gələcəyi qurmağa davam edən “Azercell Telekom” MMC-nin
dəstəklədiyi istedadlı məktəblilərimiz növbəti dəfə beynəlxalq
bilik yarışmasında uğurlu nəticə nümayiş etdiriblər. Fevralın
10-18-də Rumıniyada onlayn formatda təşkil edilən VI İnfo Cup
proqramlaşdırma müsabiqəsində Azərbaycanın müxtəlif bölgələrindən
olan azərbaycanlı yarışmaçılar 2 gümüş və 1 bürünc medal
qazanıblar.

14 ölkədən 150- dən çox şagirdin yarışdığı müsabiqənin
nəticələrinə əsasən Gəncə şəhəri Fizika, riyaziyyat və informatika
təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova və Balakən
rayonu Qazbinə kəndi tam orta məktəbin 10-cu sinif şagirdi Xizri
Saxrayev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və
informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fuad Qarayev isə
bu nüfuzlu yarışmanın bürünc medalına layiq görülüblər.


Qeyd edək ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və
İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı
“Azercell Telekom” MMC ölkə üzrə istedadlı şagirdlərin aşkar
edilməsi, onların öz bacarıqlarını nümayiş etdirməsinə şəraitin
yaradılması, informatika üzrə beynəlxalq fənn olimpiadalarında
iştirakını dəstəkləyir. Milli komandaların İnformatika fənni üzrə
beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz
müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1
qızıl, 9 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 30 medal əldə
ediblər.

Gələcəyin İnformasiya Texnologiyaları mütəxəssislərinə dəstək
olan Azercell şirkəti gənclərə bu istiqamətdə davamlı inkişaf və
beynəlxalq səviyyədə nailiyyətlər arzu edir.

Teqlər: