Məktəblərdə qida bələdçiləri olacaq

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutu (AQTİ) tərəfindən UNICEF-in dəstəyi və Təhsil
Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot
layihəsinə start verilib.

Trend xəbər verir ki, AQTA, UNICEF və Təhsil Nazirliyinin məsul
əməkdaşlarının iştirakı ilə keçirilən brifinqdə layihənin məqsədi
və həyata keçirilmə metodikası haqqında media nümayəndələrinə
ətraflı məlumat verilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və
innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün (ilkin mərhələdə
30 nəfər) 12 mövzudan ibarət seminar onlayn formada AQTİ
mütəxəssisləri tərəfindən tədris olunacaq. Seminarlar həftədə 2
dəfə olmaqla 90 dəqiqə keçiriləcək.

O qeyd edib ki, seminar mövzuları əsasən qida təhlükəsizliyi,
COVID-19-un profilaktikasına dair metodiki göstərişlər, sağlam
qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil
müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət
mexanizmləri nəzərə alınaraq hazırlanıb.

Seminarlar yekunlaşdıqdan sonra keçiriləcək imtahanı uğurla başa
vuran iştirakçılar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə
təltif olunacaq. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət
göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin
tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada
əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.

Eyni zamanda təmsil etdikləri məktəblərdə bufetlər, sanitar
qovşaq və digər ümumi istifadə olunan ərazilərə maarifləndirici
məlumat banerləri yerləşdiriləcək, məktəblilərə paylanması üçün çap
materialları ilə təmin olunacaq.

Qeyd edək ki, pilot layihə “Azərbaycan Respublikasında qida
təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün
nəzərdə tutulmuş Dövlət Proqramı” və UNICEF-in Azərbaycanda
2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə
əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün
qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi
istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha
da təkmilləşdirilməsi məqsədilə keçirilir.

Ümumilikdə 3 mərhələdə nəzərdə tutulan layihə çərçivəsində təlim
mövzularının tədrisi yekunlaşdıqdan sonra məktəblilər arasında
sorğular keçirilərək layihənin nəticələrinin təhlili və geniş
tətbiqinə dair təkliflərin verilməsi nəzərdə tutulur.

Teqlər: