Məktəb yaxınlığında siqaret satan köşklərlə bağlı monitorinq keçiriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Orta məktəblərə yaxın yerlərdə qəzet köşklərində siqaret satılması ilə bağlı monitorinq keçiriləcək.

Bu barədə AzerTimes-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ümumilikdə parlamentin payız sessiyası ərzində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı monitorinq keçiriləcək və monitorinqin nəticələri geniş müzakirəyə çıxarılacaq.

Komitə sədri vurğulayıb ki, qanuna əsasən, bütün qapalı məkanlarda siqaret çəkmək üçün cərimələr var:

“Qanun məktəblərin yaxınlğında siqaret satışını qadağan edir. Ancaq təəssüflər olsun ki, qanunun tələbləri pozulur və məktəbə yaxın yerlərdə, əsasən qəzet köşklərində siqaret satışı var və o cümlədən siqaretin ədədlə satılması var. Bizə bu barədə müraciətlər edilir. Ona görə biz istəyirik ki, bu məsələ ilə bağlı monitorinq keçirək və payız sessiyasının sonunda geniş müzakirəyə çıxaraq”.

Twitter: @ElchinMehdiyev

Teqlər: