Məktəb tikintisinə ayrılan pulun 181 min manatını Vilyam Hacıyevə verdim – Şirkət rəhbəri

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə hakim bildirib ki, şahidlər prosesə dəvət olunsa
da, onlar yenidən prosesə gəlməyib.

Dövlət ittihamçısı deyib ki, şahidlərin bəziləri səhhəti ilə
əlaqədar prosesə qatıla bilməyiblər.

Vilyam Hacıyevin vəkili bildirib ki, 146 şaghiddən 131-i
dindirilib, 15 şahid dindirilməyib: “İşdə zərərçəkmişlər olsa da,
onlar da məhkəməyə gəlmir. Zərərçəkmişlər sağ-salamatdır. Amma
gəlmirlər. Səbəb göstərilmir”.

Hakim qeyd edib ki, zərərçəkmişlər prosesə gətirilməlidir. Hakim
prosesdə şahid və zərərçəkmişlərin ifadələrini elan edərkən
təqsirləndirilən şəxs buna etiraz edib.

Vilyam Hacıyev bildirib ki, zərərçəkmişlər prosesə qatılmadığı
halda onların ifadələrinin elan olunmasına ehtiyac yoxdur.

Prosesdə ifadələr elan olunub.

Zərərçəkmiş Fərman Allahverdiyev ifadəsində bildirib ki, o,
sahibkarlıqla məşğul olmaq üçün xarici ölkələrdən 90 baş
iribuynuzlu mal alıb: “İmişlidə heyvandarlıqa məşğul olmaq üçün
icra hakimiyyətindən örüş torpaq sahəsi istədim. Bunun üçün icra
başçısı Vilyam Hacıyevlə görüşdüm. O dedi ki, bu barədə tapşırıq
verəcək. Görüşdən sonra icra hakimiyyətindən bildiriblər ki, bunun
üçün Vilyam Hacıyev 40 min manat istəyir. Mən Rəhim Musayevə
əvvəlcə 20 min manat, sonra da yenidən 20 min manat verdim ki,
Vilyam Hacıyevə çatdırsın. Bundan sonra mənə örüş sahəsi üçün
torpaq ayrıldı. Amma o vaxta qədər cins heyvanlar məhv oldu”.

Digər zərərçəkmiş Ramiz Əmirov isə bildirib ki, o, rayon təhsil
şöbəsinin müdiri vəzifəsində işləyib: “2018-ci ildə 65 yaşım tamam
oldu. Vilyam Hacıyev dedi ki, 30 min manat gətir, səni işdə
saxlayım. 30 min manatı gətirib Rəhim Musayevə verdim. Amma Təhsil
Nazirliyi mənim müqaviləmi uzatmadı. Mən təqaüdə çıxdım. Sonradan
qayıdıb pulumu istədim. Vilyam Hacıyev mənə əsəbiləşdi. Mən sonra
Rəhimdən 20 min manatımı aldım. 10 min manatım qaldı”.

Zərərçəkmiş Yaşar Səfərovun ifadəsində isə bildirilib ki,
2018-ci ilə qədər Statistika İdarəsinin rəisi işləyib.

“İşdən çıxandan sonra başqa işə keçmək üçün icra hakimiyyətinə
müraciət etdim. Məndən işə qəbul üçün 12 min manat istədilər. 12
min manatı verəndən sonra mən işə qəbul olundum”, – zərərçəkmiş
deyib.

Təqsirləndirilən şəxs Vilyam Hacıyev bildirib ki,
zərərçəkmişlərdən heç kimi görməyib, onlardan pul istəməyib: “Mən
onların heç birini görməmişəm, pul almamışam. Mən də yalandan yaza
bilərəm ki, kiməsə pul vermişəm, rüşvət vermişəm. Zərərçəkmişlər
gəlsib sübut etsinlər, görüm, kimə pul veriblər”.

İmişli rayonunda məktəb tikintisi ilə məşğul olan Mübariz
Verdiyev isə ifadəsində deyib ki, 2018-ci ildə rayonda məktəb
tikintisi ilə bağlı Vilyam Hacıyevlə görüşüb: “Vilyam Hacıyev məni
yanına çağırdı. Bildirdi ki, ayrılmış vəsaitin 15 faizini mənə
verməlisən. Ayrılan məbləğin nə qədər olduğunu bilmədən 181 min
manat vəsaiti Vilyam Hacıyevə verdim. Ondan sonra ayrılan vəsaitlə
məktəb tikintisinə başladın. Tikintini başa çatdırmaq üçün vəsaitin
çatmadı, məcbur olub bankdan pul götürüb tikintini başa
çatdırdım”.

Prosesdə digər şahid Bayram İsaqovun da ibtidai istintaqa
ifadəsi elan olunub. O ifadəsində göstərib ki, şirkətin balansına
icra hakimiyyətindən pul köçürülüb: “Rayonda tikinti şirkətim var.
Vilyam Hacıyev məni yanına çağırıb dedi ki, sənin şirkətinin
balansına 45 min manat pul köçürüləcək, həmin pulu mənə verəcəksən.
Mən razılaşdım. Şirkətin balansına 45 min manat pul köçürüldü. Mən
də həmin pulu çıxarıb 44 min 960 manatı Cəmil Musayevə verdim”.

Vilyam Hacıyev isə bildirib ki, o, həmin şəxsi tanımır: “Hər
yazılan düz olsaydı, onda gərək hamı həbs olunaydı. Mən bu
yazılanların heç birini qəbul etmirəm”.

Prosesə gəlməyən digər şahid Müşviq Əhmədov ibtidai istintaqa
ifadəsində bildirib ki,
rayon ərazisində 180 hektar torpaq sahəsi icarəyə götürmək üçün 25
min manat verib.

Təqsirləndirilən şəxs Vilyam Hacıyev bildirib ki, şahidlər
öyrədilib və bütün ifadələr eyni adam tərəfindən tərtib edilib.

“Belə çıxır ki, şahidlərin ifadəsi sübut kimi qəbul olunur.
Məhkəmədə 131 şahid dindirilib. Amma heç kim deməyib ki, mən
Vilyamı tanıyıram. Hamısı pulu iki nəfərə verib. Onlar pulu
neyləyib, hara xərcləyib, bu işdə mənim günahım var. Vilyam
Hacıyevlə pul vermişəm deyib ifadə verənlərin isə heç biri
məhkəməyə gəlmir. Şahid və zərərçəkmişləri gətirin, mənə desinlər
görüm nə vaxt mənə pul veriblər?”, – təqsirləndirilən şəxs
deyib.

Prosesdə ifadəsi elan olunan şahid Kəmaləddin Quliyev ibtidai
istintaq zamanı bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi
üçün icra hakimiyyətindən yardım istəyib.

“Şəkər xəstəsiyəm. Eşitdim ki, icra hakimiyyəti yardım göstərir.
Müraciət etdim, dedilər ki, sənə pul ayırırıq, amma sən cəmi o
puldan 200 manat götürüb qalanını bizə verəcəksən. Mənim adıma 6
min manat ayrıldı. Gedib Kapital Bankdan 6 min manat götürüb 5800
manat verdim polisə. Bundan sonra bir dəfə də 7 min manat
ayırdılar. 7 min manatı bankdan götürüb 6 min 700 manatını İcra
Hakimiyyətində qapıda dayanan polisə verdim, 300 manatı özümə
qaldı”, – şahid ifadəsində göstərilib.

Vilyam Hacıyev bildirib ki, şahidin dediyi polis əməkdaşı
tapılaraq məhkəməyə gətirilsin: “Həmin polis tapılsın və məhkəməyə
gətirilsin. Bu, biabırçılıqdır. Açıq-aşkar görünür ki, bunlar
quramadı. Mən bu adamların heç birini tanımıram. Gətirin məhkəməyə,
burda danışsınlar”.

Məhkəmədə daha bir şahid ifadəsi elan olunub.

“Eyvan” MMC-nin rəhbəri Natiq Əhmədovun ifadəsində bildirilib
ki, rayon ərazisində məktəb tikintisi ilə bağlı Vilyam Hacıyevlə
görüşüb: “Təhsil Nazirliyinin sifarişilə rayonda məktəb tikilməli
idi. Vilyam Hacıyev dedi ki, məktəb tikintisinə 910 min manat
ayrılacaq, həmin pulun 137 min manatını mənə verməsən, burada
məktəb tikməyə imkan verməyəcəm. Məcbur olub 137 min manatı Vilyam
Hacıyevə verəndən sonra 770 min manatla məktəbi tikdim”.

Vəkil bildirib ki, ifadəsi elan olunan şahidlərin niyə məhkəməyə
gəlməməsi məlum deyil: “İfadələr araşdırılmalı, şahidlər məhkəməyə
gətirilməlidir. Niyə gətirmirlər? Hansı polis gedib ünvana, şahidi
tapa bilməyib?”.

Proses mayın 23-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: